Ronaldinyo fitə basıldı
11.09.2008 - 16:50
Ronaldinyo fitə basıldı
Bakı. Mehman Süleymanov – APA-Sport. Braziliyalı yığmasının baş məşqçisi Dunqa ilə lideri Ronaldinyo fitə basılıb. “APA-Sport”un məlumatına görə, braziliyalı azarkeşlər milli komandalarının 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Boliviya ilə evdəki qolsuz heç-heçədən sonra narazılıqlarını bu formada ifadə ediblər.

Beşqat dünya çempionları görüşün son 35 dəqiqəsində azlıqda qalan rəqib komanda üzərində qələbə qazana bilməyiblər. Ronaldinyo 77-ci dəqiqədə əvəzlənərkən fitə basılıb. Ardından isə baş məşqçiyə tribunadan “Əlvida, Dunqa” kimi məyusluq doğuran şüarlar səslənib.

Dunqa isə buna görə azarkeşlərdən inciməyib: “Yaxşı oynamayanda bunu gözləmək olar. Azarkeşlərimiz emosionaldır və bu, onların etiraz formasıdır. Sadəcə, biz buna dözməliyik. Əsas seçmə mərhələnin sonunda final mərhələsinə vəsiqə verən ilk “dördlüy”ə düşməkdir”.

Ronaldinyo da baş məşqçisinin fikri ilə razılaşıb: “Azarkeşlərin belə reaksiyası normal haldır. Braziliya yığması həmişə qələbə qazanmalıdır. Biz vəziyyəti dəyişməyə ümid edirik”.
0