Yubileyli, qolsuz yığma
11.09.2008 - 17:06
Yubileyli, qolsuz yığma
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. Azərbaycan milli komandası qol vurmağı yaddan çıxarıb. “APA-Sport”un məlumatına görə, dünya çempionatının seçmə mərhələsində Lixtenşteynlə görüşən yığmamız ardıcıl üçüncü dəfə meydanı qolsuz tərk edib. Almaniyalı mütəxəssis Berti Foqtsun komandası Lixtenşteynə qədər Uels və İranla matçlarda da rəqib qapıçısına yol tapa bilməmişdi.

Millinin son qolunu avqustun 20-də İslandiya ilə səfər matçında Fabio Luis Ramim vurub. Həmin görüşün 48-ci dəqiqəsindən sonra 312 dəqiqədir futbolçuları Foqtsu sevindirmir. Hərçənd, Lixtenşteynlə oyun yubiley xarakteri daşıyırdı. Yığma 70-ci dəfə seçmə oyuna çıxırdı.

Bu matçlarda 16-cı dəfə məğlub olmayan komanda 6-cı qələbəsini qazana bilmədi. Yığmanın bəzi oyunçuları üçün də görüş əlamətdar idi. Samir Abbasovla Elmar Baxşıyev 25-ci, Branimir Subaşiç 20, Saşa Yunisoğlu isə 10-cu dəfə millinin formasını geydi.
0