Mircavadov hirsləndi
11.09.2008 - 18:01
Mircavadov hirsləndi
Bakı. Mehman Süleymanov - APA-Sport. “Milli komandamızın Lixtenşteynlə görüşünə baxanda bərk hirsləndim”. Bunu “APA-Sport”a açıqlamasında Azərbaycan yığmasının sabiq baş məşqçisi Ağasəlim Mircavadov deyib.

Komandanın özəyinin orta sahə olduğunu deyən 61 yaşlı mütəxəssis bildirib ki, bu mövqedən narazıdır: “Yarımmüdafiə xəttindən baş açmıram. Aleksandr Çertoqanov müdafiənin mərkəzində və önündə çıxış etdiyi halda, onu solda oynamağa niyə məcbur edirlər? Litvalılar 20-25 ildir öz yolları ilə gedirlər və bunun da nəticəsində Rumıniyanı səfərdə böyük hesabla məğlub etdilər. Biz isə artıq neçə ildir öz yolumuzu tapa bilmirik”.

AFFA rəhbərliyinin Foqtsa hər cür şərait yaratdığını vurğulayan Mircavadovun fikrincə, almaniyalı məşqçi bunun əvəzində nəticə verməlidir: “Bildiyimə görə, Uelsə uduzmasına baxmayaraq, milli komanda üzvlərinə mükafat verilib. Bu da AFFA rəhbərliyinin diqqət və qayğısının göstəricidir. Biz yığmada işlədiyimiz dövrdə çarter reysi, beşulduzlu otel görmədik. Əsas problem milli komandanın bazasının olmamasıdır. Bəsdir, daha otellərdə qalmaq. AFFA prezidenti Rövnəq Abdullayevin bu problemi də həll edəcəyinə inanıram”.
0