Bakıda ləkələnən məşqçi
12.09.2008 - 12:30
Bakıda ləkələnən məşqçi
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Ottmar Hitsfeld həyatı boyu Lüksemburq damğası ilə yaşayacaq. Necə ki, mən ölənədək Azərbaycan yığmasının ləkəsini daşımağa məhkumam”. “APA-Sport”un məlumatına görə, bu sözləri İsveçrə milli komandasının sabiq baş məşqçisi Rolf Fringer deyib.

Dünya çempionatının seçmə oyununda Sürixdə Lüksemburqa uduzan həmyerlilərinin uğursuzluğunu şərh edən Fringer 12 il əvvəlki debütünü xatırlayıb: “Lüksemburqa 1:2 hesabı ilə uduzmaq insan ağlına gəlməyən bir şeydir. Belə hallar 100 oyundan bir olur. Yəqin, İsveçrə də həmin 100-cü matçını keçirirmiş. 1996-cı ildə Bakıda 0:1 hesabı ilə uduzanda, bu mənim millinin baş məşqçisi kimi ilk oyunum idi. O vaxt hamı hesab edirdi ki, biz məşq keçmədən Azərbaycanı udmaq iqtidarındayıq”.

1998-ci il dünya çempionatının seçmə mərhələsində Fringerin rəhbərliyi altında çıxış edən Çiriako Sfortsa da Bakı məğlubiyyətini yada salıb: “Lüksemburqa uduzmaq bütün ölkə futbolunun məğlubiyyətidir. Bu çox ciddi zərbədir. Hətta bizim Azərbaycana 0:1 hesabı ilə uduzmağımızdan da pisdir”.





0