Bekhem “ehtiyat”la barışdı
12.09.2008 - 13:06
Bekhem “ehtiyat”la barışdı
Bakı. Mehman Süleymanov – APA-Sport. İngiltərə yığmasının sabiq kapitanı Devid Bekhem əsas heyətdə oynamaqdan əlini üzüb. “APA-Sport”un məlumatına görə, millidə kölgədə qalması ilə artıq barışan dünya şöhrətli futbolçu bildirib ki, bundan sonra yığmada hər matçda meydana çıxacağına ümid etmir: “Mənim üçün oynayıb-oynamamaq əhəmiyyətli deyil. Andorra və Xorvatiya ilə görüşlərdə əsas heyətdən kənarda qalmağım məni üzmədi. Əksinə, çox şadam ki, sonradan da olsa meydana çıxdığım bu matçlarda 6 xal qazandıq. Əsas qələbə qazanıb, dünya çempionatının final mərhələsinə çıxmağımızdır. Bunun üçün Bekhemin ehtiyatda oturması lazımdırsa, deməli, belə də olmalıdır”.

ABŞ-nın “Los-Anceles Qalaksi” klubunda çıxış edən 33 yaşlı yarımmüdafiəçi yığmadan getmək fikrində deyil. Əksinə, Devid 35 yaşında 2010-cu ildə keçiriləcək dünya çempionatının final mərhələsinin iştirakçısı olmaq istəyindədir: “Xorvatiya ilə oyun yığmamızın böyük potensialının olduğunu göstərdi. Hər matçda belə çıxış etməli, bu oyun ruhunu saxlamalıyıq. Baş məşqçimiz Fabio Kapello bizə arxayınlaşmağa imkan verməyəcək”.
0