Azərbaycan futbolçuları “Santyaqo Bernabeu”da
15.09.2008 - 13:09
Azərbaycan futbolçuları “Santyaqo Bernabeu”da
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandası (U-17) İspaniyanın paytaxtı Madridə yollanıb. “APA-Sport”un AFFA-nın rəsmi İnternet saytına istinadən məlumatına görə, səfərin əsas məqsədi Madrid “Real”ı ilə yoldaşlıq görüşü keçirməkdir.

Artıq Madridə yetişən Bernard Lippertin yetirmələri dünən fürsətdən istifadə edərək, “Santyaqo Bernabeu” stadionuna baş çəkiblər. U-17-nin üzvləri İspaniya Primerosunun 2-ci turu çərçivəsində keçirilən “Real” - “Numansiya” (4:3) görüşünü canlı izləyiblər.

Yeniyetmə futbolçularımız “Real”lı həmyaşıdlarını sentyabrın 17-də sınağa çəkəcəklər. Bakı vaxtı ilə saat 20:00-da başlanacaq qarşılaşma yığmamız üçün Avropa çempionatının seçmə mərhələsinə hazırlıq xarakteri daşıyacaq. Bernard Lippertin komandası sentyabrın 18-də İspaniyadan seçmə oyunların təşkil olunacağı Polşaya yola düşəcək.
0