Ərdoğan: “Dünya miqyasında tanınan komandamız var”
15.09.2008 - 17:39
Ərdoğan: “Dünya miqyasında tanınan komandamız var”
Bakı. Kənan Həsənov - APA-Sport. “Üzüntülü və sevincli keçən uzun illərin ardından dünya miqyasında tanınan bir milli komandamız var”. “APA-Sport”un məlumatına görə, bu sözləri Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan söyləyib.

Türkiyə Futbol Federasiyasının İdman Nazirliyi ilə birgə gerçəkləşdirdiyi “Milli Qürur, Milli Forma” sərgisinin açılışına qatılan Ərdoğan yığmanın böyük yol qət etdiyini vurğulayıb: “Milli komandamız 1923-cü ildən indiyədək 455 oyuna çıxıb. Böyük hesabla uduzduğumuz, heç-heçələrə sevindiyimiz anlar olub. İndi isə yarımfinal, final haqda planlar qururuq. Bu səviyyəyə çatmağımızda hamının əməyi var”.

Baş nazir bundan sonra qarşıya daha böyük hədəflər qoymağın vacibliyini deyib: “Artıq daha böyük hədəflər barədə düşünmək zamanıdır. Bunu reallaşdırmaq üçün nə lazımdırsa edəcəyik. İnşallah bayrağımızı ən yüksək zirvələrə yüksəldəcəyik. Milli komandanın gəldiyi yer, Türkiyəyə və türk millətinə işıq tutur. Yığmamız dünyada 10-cu yerə yüksələrkən, Türkiyə dünya iqtisadiyyatında 17-ci pillədə yer alır. Yəni, bu işlər paralel gedir. Futbol dünyada milyardlarca insanın diqqətini çəkən bir sahədir”.
0