Yeni Ronaldinyo
16.09.2008 - 11:31
Yeni Ronaldinyo
Bakı - APA-Sport. Bir neçə il öncə meydandakı hər hərəkətini, driblinqlərini, qeyri-adi ötürmələrini dönə-dönə izlədiyimiz, baxmaqdan doymadığımız braziliyalı futbolçu Ronaldinyonun əvəzləyicisi ortaya çıxıb. “APA-Sport”un məlumatına görə, futbol azarkeşləri bundan sonra “yeni Ronaldinyo”nun ifasına baxıb, həzz alacaqlar.

Bu missiyanı Meksika yığmasının üzvü Covani Dos Santos öz üzərinə götürüb. Böyük perspektivə malik olan 19 yaşlı yarımmüdafiəçinin meydandakı hərəkətləri hamıya 2-3 il əvvəli, yəni Ronaldinyonu xatırladır.

Covani braziliyalı veteran futbolçu, “Zizinyo” ləqəbli Cerardo dos Santosun oğludur. O, Meksikada dünyaya gəlib və futbolun sirlərini doğulduğu Monterrey şəhərində öyrənməyə başlayıb. Daha sonra İspaniyaya yollanan Covani “Barselona”nın əvəzedici komandasının formasını geyinib. Ötən il isə baş məşqçi Frank Raykaard onu “Barselona”nın əsas komandasına dəvət edib.

İndi Covani karyerasını İngiltərədə davam etdirir. Gənc futbolçu mövsümlərarası fasilədə 10 milyon avro müqabilində “Tottenhem”ə keçib. “Barselona”nı London klubuna dəyişməyin nə dərəcədə düzgün olub-olmadığını söyləmək çətindir. Amma fakt budur ki, Covani hələ bir müddət əvvəl seçim zamanı Braziliya deyil, Meksika milli komandasında oynamağa üstünlük verərkən fanatları şoka salıb.
0