AFFA veteranları beynəlxalq turnirə göndərir
16.09.2008 - 15:49
AFFA veteranları beynəlxalq turnirə göndərir
Bakı. Aqşin Əliyev - APA-Sport. “AFFA-nın qapıları veteran futbolçuların üzünə həmişə açıqdır”. Bunu “APA-Sport”a açıqlamasında futbol veteranı, AFFA-nın Uşaq-Gənclər Futbolu Departamentinin baş mütəxəssisi Asim Xudiyev deyib. O bildirib ki, assosiasiya rəhbərliyi istər konfranslarda, istərsə də futbol matçlarında veteranları yaddan çıxarmır.

“Veteranlar bir qayda olaraq, AFFA tərəfindən müxtəlif tədbirlərə dəvət olunurlar. Bu yaxınlarda milli komandamızın Lixtenşteynə qarşı keçirdiyi oyun zamanı veteranlara mərkəzi sektorlarda yer ayrılmışdı. Bundan başqa, ötən həftə Bakıda baş tutan futzal üzrə UEFA Kubokunun matçlarına da veteranlar dəvət almışdılar” - deyə Xudiyev vurğulayıb. Onun sözlərinə görə, AFFA rəhbərliyi veteranların oktyabrda Özbəkistanda keçiriləcək beynəlxalq turnirə yollanmaq üçün səfər xərclərini də ödəməyə hazırdır.

Departamentin baş mütəxəssisi AFFA rəhbərliyinin veteranlara təkcə mənəvi deyil, həm də maddi yardım göstərdiyini söyləyib: “AFFA rəhbərliyi fond yaradıb və uzun müddət Azərbaycan futboluna xidmət etmiş veteranların hamısına təqaüd ayırıb. Hətta ötən ilki ilə müqayisədə bu il təqaüdün məbləği də artırılıb”.

Veteran futbolçuların AFFA nümayəndəsi və ya hakim-inspektor qismində milli çempionatın oyunlarına təyin aldıqlarını bildirən Xudiyev İcraiyyə Komitəsi üzvlərindən də danışıb: “Təsadüfi deyil ki, İcraiyyə Komitəsinin 11 üzvündən 3-ü – Ələkbər Məmmədov, Kazbek Tuayev və İsgəndər Cavadov veteran futbolçudur. Bu da öz növbəsində AFFA rəhbərliyinin veteranlara göstərdiyi diqqət və qayğının təzahürüdür. Eyni zamanda, İsgəndər Cavadov Regional Futbol Federasiyalarının prezidenti vəzifəsini də daşıyır. Onun başçılıq etdiyi quruma AFFA tərəfindən ofis, texniki avadanlıqlar və nəqliyyat verilib”.

Vaxtilə “Neftçi”də oynamış Xudiyev veteran futbolçuların AFFA rəsmilərinin qəbuluna düşmək üçün heç bir problemlə rastlaşmadıqlarını nəzərə çatdırıb. Beynəlxalq dərəcəli hakim-inspektor deyib ki, belə maneələrin olması barədə səslənən fikirlər həqiqəti əks etdirmir: “AFFA-nın ünvanı belədir - Bakı şəhəri, Nobel prospekti, 1025. İstənilən veteran futbolçu, həmçinin bu idman növünü sevən hər kəs assosiasiyaya müraciət edə bilər. Onlara AFFA-da həmişə köməklik göstərilib və göstəriləcək də. Veteranlardan və azarkeşlərdən kiminsə AFFA-nın rəhbərliyinə sualı, yaxud təklifi varsa, assosiasiyada məmnuniyyətlə onları qəbul edib, qulaq asarlar”.

Asim Xudiyev futbolumuzun veteranlara hələ çox ehtiyacı olduğunu qeyd edib: “Veteran futbolçulara qayğı var və bundan sonra da olacaq. Futbolumuzun keçmişi elə bu veteranlarla bağlıdır. Onların təkliflərinə, köməyinə futbolumuzun çox ehtiyacı var”.
0