Silva sürpriz vəd etdi
17.09.2008 - 14:01
Silva sürpriz vəd etdi
Bakı. Aqşin Əliyev - APA-Sport. “Avropa kubokunda qələbələr qazanıb, azarkeşlərimizi sevindirmək istəyirik. Milli komandanın qarşısına minimum üçüncü yeri tutmaq vəzifəsi qoyulub”. “APA-Sport”un məlumatına görə, bu sözləri AFFA-da keçirilən mətbuat konfransında Azərbaycan Çimərlik Futbolu Federasiyasının (AÇFF) prezidenti Fərid Novruzi deyib.

Novruzi sabah Bakıda startı veriləcək Avropa kubokunun yüksək səviyyədə keçiriləcəyinə inandığını bildirib: “Biz jurnalistlərlə ilk dəfə bu ilin fevralında görüşmüşdük. Həmin vaxt paytaxtımızda səviyyəli beynəlxalq turnir keçirəcəyimizə söz vermişdik. Vədimizə əməl etdik və Avropa kubokunun Bakıya təyin edilməsinə nail olduq”. AÇFF prezidenti vurğulayıb ki, yığmanın yerli futbolçulardan təşkil olunması, legionerlərə ehtiyac duyulmaması təqdirəlayiq halıdır.

Milli komandanın baş məşqçisi Qustavo Enrike Zlokkovik Silva isə iddialı açıqlama verib. Braziliyalı çalışdırıcı deyib ki, yığma Avropa kubokunda sürprizə imza atacaq: “Mənim rəhbərlik etdiyim kollektivlər qatıldıqları turnirlərin hamısında sürpriz olublar. Mən yetirmələrimi çempionluğa kökləmişəm. Heç vaxt futbolçularımı turnirdə 2-ci və ya 3-cü yeri tutmaq üçün hazırlamıram. Belə yanaşma tərzi mənə qəribə gəlir”.

Yığmanı qarşıdakı turnirə hazır sayan Silva rəqibləri də dəyərləndirib: “Son iki ayda ciddi hazırlaşmışıq və bu müddətdə cəmi 5 gün istirahət etmişik. İlk vaxtlar taktiki və texniki baxımdan çətinliklərimiz olsa da, artıq bunu geridə qoymuşuq. Bakıya İspaniya, İtaliya, İsveçrə kimi güclü komandalar gəlib. Birinci turda qarşılaşacağımız İngiltərə yığması 2002-ci ildən bəri beynəlxalq yarışlarda qüvvəsini sınayır. İnanıram ki, azərbaycanlı futbolçular daşıdıqları üçrəngli formanın məsuliyyətini anlayacaqlar və uğur qazanacaqlar”.

Qeyd edək ki, Azərbaycan yığması sabah Mərdəkanda başlanacaq turnirin A qrupunda mübarizə aparacaq. Futbolçularımız qrup mərhələsində İngiltərə (19 sentyabr) və İsveçrəni (20 sentyabr) sınağa çəkəcəklər. B qrupunda İspaniya, İtaliya və Norveç yarışacaq. Avropa kubokunun qalibi sentyabrın 21-də müəyyənləşəcək.
0