Ronaldinyo İtaliyada da Ronaldinyodur
17.09.2008 - 15:38
Ronaldinyo İtaliyada da Ronaldinyodur
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Braziliya yığmasının futbolçusu Ronaldinyonun növbəti hoqqası “Milan” rəhbərliyini özündən çıxarıb. “APA-Sport”un məlumatına görə, klubun vitse-prezidenti Adriano Qalliani braziliyalı ilə ciddi söhbət etməyi zəruri sayıb. Onun bu addımı atmasına Ronaldinyonun vətənindəki əməlləri səbəb olub.

Belə ki, İspaniya mətbuatı dünya çempionatının seçmə mərhələsinin Boliviya ilə görüşündən sonra Ronaldinyonun əylənmək həvəsinə düşdüyünü və səhərəcən barda olduğunu iddia edib. Hətta zəif oynamağını da bununla bağlayıb. Qalliani də məhz yazılanlara əsaslanaraq, Ronaldinyoya nəsihət verməyi lazım bilib.

Braziliyalı isə bunların həqiqət olmadığını, yalnız gecə saat 2-dək barda əyləndiyini söyləməklə, yaxasını Qallianinin əlindən qurtarıb. Bu hadisə onu göstərir ki, gecə klublarında əylənməklə ad çıxaran hücumameylli yarımmüdafiəçinin “Milan”da xasiyyətindən əl çəkəcəyini deyənlər yanılırmış.
0