“İnter” 15 minlik stadion tikdirir
17.09.2008 - 16:32
“İnter” 15 minlik stadion tikdirir
Bakı. Mehman Süleymanov - APA-Sport. Son Azərbaycan çempionu “İnter” klubu yeni stadion tikdirəcək. Bu haqda “APA-Sport”a komandanın prezidenti Georgi Nikolov məlumat verib.

Nikolovun sözlərinə görə, “Xətai” metrostansiyası yaxınlığındakı ərazidə inşası planlaşdırılan arenanın tikintisi bəzi səbəblərdən yubanır: “Əslində, stadionun inşasının bu ay başlanması gözlənilirdi. Ancaq bu gedişlə işlər bir-iki ay da yubanacaq. Məsələ ondadır ki, stadion tikiləcək ərazini boşaltmaq üçün orada yaşayan insanları başqa yerə köçürmək lazımdır. Həmin məkanda 136 ailə yaşayırdı, indi isə 7-si qalıb. Problem də elə qalanlarla bağlıdır. Biz onların evlə təminatı üçün imkan daxilində maddi köməyimizi göstəririk. Bununla belə, hələlik ortaq məxrəcə gələ bilməmişik”.

Sakinlərlə yaranmış vəziyyətin məhkəmə səviyyəsinə çıxdığını deyən klub prezidentinin sözlərinə görə, həmin ailənin üzvləri problemin həlli yönündə səylərini əsirgəməməli, təklif edilən köməkdən üz çevirməməlidirlər: “Sponsorlarımızla birgə problemin həllində maraqlıyıq. Stadionun eskizləri hazır olsa da, məlum səbəbdən həyata keçirə bilmədiyimiz layihə hələlik kağız üzərində qalıb. Almanların tikəcəyi arena təxminən 15 min azarkeş tutuma malik olacaq. Ərazinin sahəsi bundan artığına imkan vermir. Bu səbəbdən ehtiyat meydançanı tikməklə bağlı planımız baş tutmur. Meydançanın qazonunun isə yaşıl, təbii öt örtüyündən olması nəzərdə tutulub”.

Qeyd edək ki, “İnter” “Şəfa” İdman-Sağlamlıq Mərkəzini ötən ilin fevralın 1-dən AFFA-dan 15 il müddətinə icarəyə götürüb. Klub bir ilə başa çatması gözlənilən yeni stadionu ilə yanaşı, “Şəfa”nın da xidmətindən istifadə edəcək.
0