Georgi Demetradze: “Siyasi hadisələr ucbatından Azərbaycanda çıxış etməyə üstünlük verdim”
17.09.2008 - 18:24
Georgi Demetradze: “Siyasi hadisələr ucbatından Azərbaycanda çıxış etməyə üstünlük verdim”
Bakı. Mehman Süleymanov - APA-Sport. “Bakı” klubunun gürcüstanlı legioneri Georgi Demetradzenin “APA-Sport”a müsahibəsi

Yeni komandada özünüzü necə hiss edirsiniz?

“Bakı” klubuna keçidimdən çox razıyam. Komandada daxili ab-hava yaxşıdır. Bura yaxşı futbolçular cəmləşib. Bu mənada həmyerlim Amiran Mucirini xüsusilə qeyd edə bilərəm. Onunla bir yerdə çıxış etmək mənim üçün rahatdır. Bir-birimizi çoxdan tanıyırıq. Gürcüstanın olimpiya yığmasında bir yerdə çıxış etmişik. Vətənimizdə oynadığımız dövrdə isə dəfələrlə bir-birimizə rəqib olmuşuq. Bu daha çox ölkə kubokunun finalında olub. Mən Tiflisin, Muciri isə Batuminin “Dinamo” klubunun formasını geyinirdik.

Belə çıxır ki, “Bakı”ya keçməyində Mucurinin də rolu olub. Ümumiyyətlə, başqa hansı variantlar var idi?

Azərbaycanda çoxlu həmyerlilərim var ki, onların çoxunu tanıyıram. Bu mənada ölkənizdə çıxış etmək mənə rahat olacaq. Yenidən Rusiyada çıxış etməyim mümkün idi. Çində oynamaq variantı da yaranmışdı. Ancaq Çin çox uzaqda olduğundan, Azərbaycana üstünlük verdim. Azərbaycanla Gürcüstan qonşu ölkələr olduğundan, mentalitetimiz də yaxındır. Hər halda, qafqazlıyıq.

Rusiyanın Premyer Liqa, yoxsa birinci divizion klubundan təklif almışdınız?

Əlbəttə, Premyer Liqadan. Birinci divizionda nə işim var? Sadəcə, bu komandanın adını açıqlamaq istəmirəm.

Ancaq sonda səviyyəcə Rusiyadan geri qalan Azərbaycan Premyer Liqasını seçdiniz. Bunu son siyasi hadisələrlə əlaqələndirmək olarmı?

Bəli. Bildiyiniz kimi, Rusiya ilə Gürcüstan arasında gərgin vəziyyət hökm sürür. Bu səbəbdən Rusiyaya qayıtmaq istəmədim və Azərbaycanda çıxış etməyi düzgün saydım.

İspaniya Primerosu, Hollandiyanın yüksək liqasında, “Alaniya”, Kiyevin “Dinamo” klubunda çıxış edən, Çempionlar Liqasının iştirakçısı olan, Gürcüstan yığmasında xeyli oyun keçirən futbolçunun Azərbaycana gəlişi geriyə doğru addım deyilmi?

Belə deməzdim. Azərbaycan futbolu inkişaf yolundadır. milyonlarla azarkeşin sevimlisinə çevrilən bu idman növünə ölkənizdə də diqqət artırılıb. Ancaq mən bura futbol oynamağa, pul, uğur qazanmağa gəlmişəm. Üç ölkənin – Gürcüstan, Rusiya və Ukrayna çempionatının bombardiri olmuşam. Niyə də Azərbaycanda da bu uğuru təkrarlamayım? Mənim buna iddiam var.

Ancaq Azərbaycanda stadionların vəziyyəti heç də yaxşı deyil...

Hə, bunu əsas problem sayıram. Azərbaycanda stadionlarda qazonun vəziyyəti pisdir. Bu isə futbolçunun işini çətinləşdirir.

Kiyevin “Arsenal” klubu ilə nəsə probleminiz olmuşdu...

Hazırda problem həll olunmaq üzrədir. Hesab edirəm ki, məsələ FİFA səviyyəsinə çıxmayacaq.

Problem maliyyə məsələləri ilə bağlı idi?

Bəli. “Arsenal” klubunun mənə borcu var. Konkret məbləği açıqlamayacağam. Sadəcə, onu deyə bilərəm ki, bu, müqaviləyə əsasən mənə çatacaq həvəsləndirici para ilə bağlıdır. Əsas problemim “Arsenal”ın prezidenti Vadim Rabinoviçlədir. Onun futboldan başı çıxmır. Nə olsun ki, nüfuzu şəxsdir, tanınan iş adamıdır. İstənilən halda, problemin mənim xeyrinə həll olunacağına əminəm.

“Bakı” cari mövsümdə qarşısına böyük məqsədlər qoyub: həm çempionluq, həm də ölkə kubokunu qazanmaq. Avrokuboklarda da layiqli çıxış etmək iddiasında olan komandanın potensialını necə görürsünüz?

“Bakı”nın iddialı klub olması, rəhbərliyin diqqəti məni razı saldı. Təcrübəm, bacarığımla qarşıya qoyulan vəzifənin yerinə yetirilməsinə çalışacağam. Növbəti çempionluğumu Azərbaycanda qazanmaq istəyirəm. Komandanın makedoniyalı baş məşqçisi Qyoko Hacievskinin keçdiyi məşqlərlə əvvəlki formamı bərpa edirəm. Burada debüt oyunumu səbirsizliklə gözləyirəm. Həftəsonu “Karvan”la oyuna ciddi hazırlaşırıq.
0