İlk dəfə Manamada
19.09.2008 - 09:28
İlk dəfə Manamada
Bakı - APA-Sport. Azərbaycan yığması oktyabrın 15-də növbəti yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. “APA-Sport” agentliyinin AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğluya istinadən məlumatına görə, Berti Foqtsun komandası həmin gün Manamada Bəhreynin qonağı olacaq.

Millimiz oktyabrın 11-də Helsinkidə Finlandiya ilə dünya çempionatının seçmə mərhələ oyunundan sonra çarter reysilə birbaşa Manamaya yollanacaq. Bu, Azərbaycan yığmasının Bəhreynlə ilk görüşü olacaq.

Bəhreyn FİFA-nın reytinq cədvəlində 138-ci yerdə qərarlaşan Azərbaycanı xeyli qabaqlayır. Belə ki, rəqibimiz hazırda dünyanın 66-cı, Asiyanın 7-ci yığma komandasıdır.

Asiyalılar 2010-cu il dünya çempionatının seçmə mərhələsinə uğursuz başlayıblar. Qətər, Yaponiya, Avstraliya və Özbəkistanla eyni qrupda olan Bəhreyn iki oyundan topladığı 1 xalla autsayderdir. Qətərlə səfərdə heç-heçə oynayan (1:1) rəqibimiz evdə Yaponiyaya uduzub – 2:3.