Krespo üçün qaranlıq sual
23.09.2008 - 15:37
Krespo üçün qaranlıq sual
Bakı. Kənan Həsənov - APA-Sport. İtaliyanın “İnter” klubunda çıxış edən Ernan Krespo hazırkı durumundan narazıdır. “APA-Sport”un məlumatına görə, buna argentinalı legionerin əsas heyətə düşə bilməməsi səbəb olub: “İnsanlar məndən niyə oynamadığımı soruşurlar. Bu, mənə də maraqlıdır. Amma seçim hüququ məşqçiyə məxsusdur və ona hörmət etmək lazımdır”.

2010-cu ildə Cənubi Afrika Respublikasında təşkil olunacaq dünya çempionatının final mərhələsində oynamaq istədiyini deyən 33 yaşlı hücumçu İtaliyanı tərk etmək fikrinə düşüb: “Yəqin ki, bu, qatılacağım son dünya çempionatı olacaq. Yığmanın heyətində yer almağı çox istəyirəm. Ona görə də daim meydana çıxmağım lazımdır. Görək, yanvarda nə olacaq”.

Qeyd edək ki, Krespo portuqaliyalı Joze Maurinyo “İnter”ə baş məşqçi təyin edildikdən sonra əsas heyətə düşə bilmir. Təcrübəli futbolçunu Şotlandiya nəhəngi “Seltik” transfer etmək istəyir.
0