Foqts yığmaya yeni futbolçular çağırdı
24.09.2008 - 10:13
Foqts yığmaya yeni futbolçular çağırdı
Bakı. Aqşin Əliyev - APA-Sport. Sentyabrın 29-dan oktyabrın 2-dək Bakıda təlim-məşq toplanışı keçəcək futbol üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb. “APA-Sport”un AFFA-nın rəsmi İnternet saytına istinadən məlumatına görə, hazırlıq prosesinə 26 futbolçu qatılacaq.

Siyahıda yer alan oyunçulardan üçü xüsusilə diqqət çəkir. Belə ki, baş məşqçi Berti Foqts milli komandaya rəhbərlik etdiyi 5 ay ərzində ilk dəfə Anatoli Ponomaryova dəvət göndərib. Olimpiya çempionu İqor Ponomaryovun oğlu hazırda İsveç çempionatının ikinci divizionunda mübarizə aparan “Degerfors” klubunun şərəfini qoruyur. Anatoli yığmaya sonuncu dəfə bu ilin fevralında Qyoko Hacievski tərəfindən çağırılıb. 26 yaşlı yarımmüdafiəçi Antalyada Qazaxıstana qarşı keçirilmiş (0:0) yoldaşlıq görüşünün iştirakçısı olub.

Bundan başqa, “Neftçi”nin müdafiəçisi Elnur Allahverdiyevi də qeyd etmək olar. Foqts onu Bosniya və Herseqovina, eləcə də Andorra yığmaları ilə yoldaşlıq görüşlərinə çağırsa da, sonradan Elnurun xidmətinə ehtiyac duymamışdı. Milli komandada yeganə debütant isə Araz Abdullayevdir. U-17-də çıxış edən və srağagün Avropa çempionatının seçmə mərhələsində Bolqarıstanın qapısına iki qol vuran yeniyetmə futbolçu ilk dəfədir əsas milli komandaya cəlb olunur. Araz bir müddət öncə İtaliyanın “Udineze” klubunda baxışdan keçmişdi.

Maraqlıdır ki, yığmanın üzvləri Ramazan bayramında təlim-məşq toplanışı keçəcəklər. Görünür, Foqts oktyabrın 11-də dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində səfərdə Finlandiyaya qarşı keçiriləcək oyuna daha ciddi hazırlaşmaq üçün futbolçuları bayram günləri də məşq etdirmək qərarına gəlib.

Qapıçılar: Fərhad Vəliyev (“Qarabağ”), Rauf Mehdiyev (“Olimpik), Kamran Ağayev (“Xəzər-Lənkəran”), Anar Nəzirov (“Neftçi”).

Müdafiəçilər: Rəşad Sadıqov, Rail Məlikov, Elnur Allahverdiyev (hamısı “Neftçi”), Usim Nduka, Mahir Şükürov, Aqil Nəbiyev (hamısı “Olimpik”), Nodar Məmmədov (MOİK), Vladimir Levin (“İnter”), Saşa Yunisoğlu (“Poloniya”, Polşa).

Yarımmüdafiəçilər: Mahmud Qurbanov, Samir Abbasov, Cavid Hüseynov, Elvin Məmmədov (hamısı “İnter”), Elmar Baxşıyev, Aleksandr Çertoqanov, Araz Abdullayev (hamısı “Neftçi”), Zeynal Zeynalov (NBC), Anatoli Ponomaryov (“Degerfors”, İsveç).

Hücumçular: Fabio Luis Ramim (“Bakı”), Leandro Qomeş (“Olimpik”), Vaqif Cavadov (“Qarabağ”), Branimir Subaşiç (“Srvena Zvezda”, Serbiya).
0