UEFA Azərbaycanın şansını artırmaq istəyir
25.09.2008 - 10:17
UEFA Azərbaycanın şansını artırmaq istəyir
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Avropa çempionatlarının final mərhələsində çıxış edəcək komandaların sayı artırıla bilər. “APA-Sport”un məlumatına görə, UEFA dörd ildən bir keçirilən turnirlərdə 24 yığmanın iştirakını istəyir.

Qitə futbol qurumunun İcraiyyə Komitəsinin bu gün Fransanın Bordo şəhərində başlayacaq növbəti yığıncağında bu məsələ ilə bağlı qərar veriləcək. Yenilik qəbul olunacağı halda, 2016-cı ildə keçiriləcək Avropa çempionatından başlayaraq qüvvəyə minəcək.

Adını açıqlamaq istəməyən UEFA rəsmilərindən biri say artımı ilə bağlı məsələnin müsbət həllinin müzakirə mövzusu olmadığını bildirib. Onun sözlərinə görə, yenilik sadəcə rəsmiləşməlidir: “Saydakı artım hökmən olacaq. Bu komandaların final mərhələsinə çıxmaq şanslarını artıracaq. Oyunların da sayı daha çox olacaq. 2016-cı ilədək futbolun səviyyəsi də qalxacaq”.

Qeyd edək ki, son qitə birinciliklərinin final mərhələsində 16 milli komanda iştirak edirdi. Yenilik qəbul olunacağı halda, Azərbaycan yığmasının indiyədək qatıla bilmədiyi Avropa çempionatının həlledici mərhələsinə çıxmaq şansı artacaq.
0