PSJ - “Kayserispor” oyunu baş tutmayacaq?
25.09.2008 - 15:31
PSJ - “Kayserispor” oyunu baş tutmayacaq?
Bakı. Kənan Həsənov - APA-Sport. UEFA kuboku çərçivəsində oktyabrın 2-də Fransanın paytaxtı Parisdə keçirilməsi nəzərdə tutulan PSJ - “Kayserispor” oyunu baş tutmaya bilər. “APA-Sport”un məlumatına görə, buna hələ də komanda üzvlərinə vizanın alınmaması səbəb olub.

Belə ki, Fransanın Ankaradakı səfirliyi bütün komanda üzvlərinin barmaq izlərinin alınacağı haqda tələb irəli sürülüb.

Məsələ ilə bağlı açıqlama verən komandanın meneceri Süleyman Hurma 15 gündür viza ala bilmədiklərini, problem yoluna qoyulmazsa oyundan imtina edəcəklərini bildirib: “Bütün komanda ilə Ankaraya getməyimiz mümkünsüzdür. Üstəlik, biz nə turist, nə də terrorist deyilik. Onlara qarşı belə davranılsaydı, dünyanı ayağa qaldırardılar. Səfirliyin tələbini yerinə yetirmək fikrimiz yoxdur. Lazım gəlsə, oyuna da çıxmayacağıq”.

Qeyd edək ki, bu komandalar arasında Kayseri şəhərində keçirilən ilk oyun Fransa təmsilçisinin 2:1 hesablı qələbəsi ilə nəticələnib.
0