Roberto Karlos iddialı danışdı
25.09.2008 - 16:39
Roberto Karlos iddialı danışdı
Bakı. Mehman Süleymanov – APA-Sport. “Biz Kiyev “Dinamo”su ilə qarşıdakı oyuna böyük əhəmiyyət veririk. Təəssüf ki, Çempionlar Liqasının ilk oyununda “Portu”ya 1:3 hesabı ilə uduzduq. Bu məğlubiyyətdən sonra növbəti görüşdə qələbə qazanmağa borcluyuq”.
APA-Sport”un məlumatına görə, bunu “Fənərbaxça” klubunun braziliyalı müdafiəçisi Roberto Karlos deyib. Ötən mövsüm Çempionlar Liqasında ¼ finala qədər irəliləmələrini sürpriz saymayan 35 yaşlı futbolçu buna layiq olduqlarını bildirib. Karlos deyib ki, “Fənərbaxça” cari mövsümdə daha yaxşı nəticə göstərməlidir: “Biz ötən mövsümkü nəticəni təkrarlaya biləcək gücdə komandayıq. Hətta yarımfinala çıxmaq iqtidarındayıq. Ötən mövsüm boyu uğurla çıxış etsək də, sonda titulsuz qaldıq. Əlbəttə, bu mövsümdə Çempionlar Liqası kubokunu qazanmağa iddiamız var. Bunu reallaşdırmağa heç bir maneə görmürəm. Komandamız istənilən rəqiblə baş-başa oynaya bilər”.