Karadəniz “Rubin”i “Fənərbaxça”ya dəyişməz
26.09.2008 - 09:50
Karadəniz “Rubin”i “Fənərbaxça”ya dəyişməz
Bakı. Mehman Süleymanov - APA-Sport. “Fənərbaxça”ya keçidimlə bağlı artıq Türkiyədə 5-6 ildir, hələ “Trabzonspor”da oynadığım vaxtdan yazırlar. Nədənsə yenidən bu söz-söhbətlər ortaya çıxıb”. “APA-Sport”un məlumatına görə, bunu Rusiyanın “Rubin” klubunda çıxış edən türkiyəli futbolçu Gökdəniz Karadəniz deyib. Onun fikrincə, “Fənər”ə keçidi məsələsinin yenidən gündəmə gəlməsi səbəbsiz deyil: “Komandanı İspaniya yığmasına Avropa çempionluğunu qazandıran Luis Araqones kimi nüfuzlu mütəxəssis qəbul etsə də, həm Türkiyə çempionatında, həm də Çempionlar Liqasında uğursuz çıxış edirlər. Görünür, türkiyəli jurnalistlər bu səbəbdən növbəti dəfə namizədliyimi hallandırmağı qərara alıblar”.

28 yaşlı yarımmüdafiəçi ən azı mövsümün sonuna qədər “Rubin”də qalacağını bildirib. Gökdəniz indiki vəziyyətdə Kazan klubunu “Fənər”ə dəyişməyi mənasız sayır: “Uğurla çıxış edən komandamızın çempion olmağa gözəl şansı var. Finiş də artıq yaxındadır. Belə olan halda, başqa komandaya keçdim haqda necə danışa bilərəm? Hətta “Fənərbaxça” kimi məşhur komanda olsa belə. Bundan əlavə, “Rubin”də özümü çox yaxşı hiss etdiyimdən karyeramı burada davam etdirmək istədiyimi indidən deyə bilərəm”.
0