“Korintians” Deyvid de Souzanı geri qaytarmaq istəyir
26.09.2008 - 10:17
“Korintians” Deyvid de Souzanı geri qaytarmaq istəyir
Bakı - APA-Sport. Braziliya çempionatının aşağı liqasında mübarizə aparan “Korintians” klubu “Fənərbaxça”nın şərəfini qoruyan Deyvid de Souzanı geri qaytarmaq istəyir. “APA-Sport”un məlumatına görə, artıq “Korintians” rəsmiləri 29 yaşlı hücumçunu danışıqlar aparmaq üçün Braziliyaya dəvət ediblər.

Klub rəhbərliyi Deyvidin vətənə dönmək istəməsi ilə bağlı verdiyi açıqlamadan sonra hərəkətə gəlib. “Korintians”ın prezidenti Andres Sançes bildirib ki, başçısı olduğu komanda təcrübəli futbolçunu heyətə cəlb etməklə, 2009-cu ildə A seriyasına vəsiqə qazanmağa çalışacaq.

Ancaq belə getsə, Deyvid uğrunda Braziliyanın iki klubu arasında əsl mübarizə gedəcək. Çünki “Koriantians”la bərabər, “Palmeyras” da sözügedən hücumçu ilə maraqlanır.

Qeyd edək ki, Deyvid 2001-03-cü illərdə “Korintians”ın şərəfini qoruyub. 2006-cı ildə “Fənərbaxça”ya transfer olunan braziliyalının “sarı-lacivərdlilər”lə müqaviləsinin müddəti gələn il başa çatacaq.
0