Matteusa etiraz: Ağzını çox açıb, evin sirrini çölə çıxarma!
26.09.2008 - 11:55
Matteusa etiraz: Ağzını çox açıb, evin sirrini çölə çıxarma!
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. İsrailin “Makkabi” klubunun baş məşqçisi Lotar Matteus komandasının oyunçularının təzyiqi ilə üzləşib. “APA-Sport”un məlumatına görə, futbolçular almaniyalı mütəxəssislə kəllə-kəlləyə gəlmək fikrindədir. Buna Netanya təmsilçisinin baş məşqçisi ilə oyunçular arasında yaranan narazılıq səbəb olub.

Belə ki, növbəti məğlubiyyətdən sonra komandanın uğursuzluqlarına izah verməli olan Matteus bunu əlinin altında materialın olmamağı ilə izah edib: “İsraildə nə Ronaldinyo var, nə də “Barselona”. Nəyəsə nail olmaq üçün oyunçuları mümkün qədər sıxıb onlardan maksimum qoparmaq lazımdır. Bəzi oyunçular heyətə düşməməyindən narazılıq edir. Lakin onların bacardığı budur”.

Matteusun sözləri yerli oyunçuların cavab açıqlamalarına səbəb olub. Futbolçular anonim şəkildə almaniyalıya 3 məsləhət verib: “Birincisi, evin sirrini çölə çıxarma. İkincisi, ağzını çox açma. Üçüncüsü isə bizə hörmət et ki, qarşılığına ümid edəsən”.
0