Bakı - Helsinki - Manama: boş yer qalmadı!
27.09.2008 - 10:55
Bakı - Helsinki - Manama: boş yer qalmadı!
Bakı. Aqşin Əliyev - APA-Sport. Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Bakıya qayıdıb. Bu haqda “APA-Sport”a AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib. Sentyabrın 11-də ölkəmizi tərk edən almaniyalı çalışdırıcı dünən gecə paytaxtımıza dönüb.

Milli komandamız Berti Foqtsun rəhbərliyi altında sentyabrın 29-dan oktyabrın 2-dək Finlandiya yığması ilə oyuna hazırlıq məqsədilə təlim-məşq toplanışı keçəcək. Məmmədov bildirib ki, baş məşqçi təlim-məşq toplanışından sonra, yəni gələn həftənin sonlarında dünya çempionatının seçmə qrup mərhələsində Uels (0:1) və Lixtenşteynə (0:0) qarşı keçirilmiş matçlarla əlaqədar AFFA rəhbərliyinə hesabat verəcək.

Baş katib yığmamızın dünya çempionatının seçmə mərhələsində keçirəcəyi növbəti matç haqda da danışıb. AFFA rəsmisi vurğulayıb ki, futbolçularımız Finlandiya ilə görüşə oktyabrın 8-də yollanacaqlar. Səfər üçün 55 nəfərlik tutuma malik təyyarə sifariş edilib. Təyyarədə yer məhdud olduğundan Helsinkiyə jurnalistlər və azarkeşlərin yollanması qeyri-mümkün olacaq.

Elxan Məmmədovun sözlərinə görə, milli komanda oktyabrın 11-də Finlandiya ilə baş tutacaq oyundan dərhal sonra Vətənə dönəcək. Nümayəndə heyətini Bakıya gətirəcək təyyarə burada yanacaq dolduracaq və yarım saatlıq fasilənin ardından Bəhreynin paytaxtı Manamaya uçacaq. Yığmamız oktyabrın 15-də Manamada Bəhreynlə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.
0