Robinyo 15 qol söz verdi
27.09.2008 - 15:35
Robinyo 15 qol söz verdi
Bakı. Mehman Süleymanov - APA-Sport. Braziliya yığmasının futbolçusu Robinyo İngiltərənin “Mançester Siti” klubunda mövsümə ən azı 15 qol vurmağı qarşısına məqsəd qoyub. “APA-Sport”un məlumatına görə, hələ optimal forma yığmadığını etiraf edən 24 yaşlı hücumçu bildirib ki, tezliklə bu problemi aradan qaldıracaq.

Robinyo bir ay öncə transfer olunduğu klubun azarkeşlərinə mesaj göndərib: “İngilis azarkeşlər bir neçə həftədən sonra əsl Robinyonu görə biləcəklər. “Mançester Siti”də ab-hava “Real”dan qat-qat yaxşıdır. Yenidən Çempionlar Liqasında çıxış etməyi istəyirəm və bunu tez reallaşdırmağa çalışacağam. Bilirəm ki, bu, heç də asan olmayacaq, ancaq komandamız iddiasını artırmalıdır. “Mançester Siti”yə Çempionlar Liqasına vəsiqə qazanmaqda kömək edəcəyəm”.

Robinyo ona ödəniləcək pulun qarşılığını vermək fikrindədir: “İmkan daxilində daha çox qol vurmaq fikrindəyəm. Bununla, hamıya mənə görə ödənilən pula dəydiyimi göstərmək istəyirəm. İlk vaxt üçün 15 qol da bəsdir, sonrasına baxarıq”.

Qeyd edək ki, Robinyo İngiltərə Premyer Liqasında artıq iki qol vurub.
0