Berti Foqts milli komandaya iranlı futbolçu çağırdı
28.09.2008 - 14:26
Berti Foqts milli komandaya iranlı futbolçu çağırdı
Bakı. Aqşin Əliyev - APA-Sport. Oktyabrın 11-də dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Finlandiyaya qarşı mübarizə aparacaq Azərbaycan milli komandasına daha iki futbolçu çağırılıb. “APA-Sport”un AFFA-nın rəsmi İnternet saytına istinadən məlumatına görə, yığmanın baş məşqçisi Berti Foqts “Qəbələ”nin üzvü Fərzad Hatəmi və “Neftçi”dən Emin Cəfərquliyevə dəvət göndərib.

Milli komandaya ilk dəfə çağırılan bu iki oyunçudan xüsusilə Hatəmi fərqlənir. Əslən azərbaycanlı olan İran vətəndaşı Fərzad bu ilin yayından “Qəbələ”də çıxış edir. Təcrübəli hücumçu Azərbaycan Premyer Liqasının cari mövsümündə MOİK-in qapısına 3 qol vurmaqla diqqət mərkəzinə düşüb. Müdafiəçi Emin Cəfərquliyev isə aşağı yaş qruplarından ibarət yığmaların şərəfini qoruyub.

Beləliklə, Foqtsun milli komandaya dəvət etdiyi futbolçuların sayı 28-ə çatıb. Lakin onlardan bir neçəsinin sabah start götürəcək təlim-məşq toplanışında iştirak etməyəcəyi gözlənilir. Hazırlıq prosesi oktyabrın 2-də yekunlaşacaq.
0