Ronaldinyonun möhtəşəm qayıdışı
29.09.2008 - 11:51
Ronaldinyonun möhtəşəm qayıdışı
Bakı - APA-Sport.Dünyanın məşhur futbolçularından biri Ronaldinyo uzun fasilədən sonra qol vurub. “APA-Sport”un məlumatına görə, İtalıyanın “Milan” klubunun şərəfini qoruyan braziliyalı yarımmüdafiəçi “İnter”lə oyunda fərqlənib.

Matçın 36-cı dəqiqəsində cərimə meydançasına qaldırılan topu başla yuxarı küncə göndərən Ronaldiyo möhtəşəm qola imza atıb. Məhz onun qolu sayəsində “Milan” əzəli rəqibini minimal hesabla məğlub edib.

“Derbidə qalib gəldiyimiz üçün çox şadam. Etiraf edim ki, qol vurmaq üçün darıxmışdım. Bu, mənim “Milan”ın heyətində ilk qolumdur. Sevinirəm ki, prinsipial qarşılşamadan qalib ayrıldıq və klubumuzun prezidenti Silvio Berluskoninin ad gününə qələbə hədiyyə etdik” - deyə braziliyalı futbolçu oyundan sonra bildirib.

Qeyd edək ki, Ronaldinyo ötən mövsüm “Barselona”da çox uğursuz mövsüm keçirib. Bəzi görüşlərdə heç forma geyinmək şansı belə qazanmayan dünya çempionu yayda “Milan”a transfer olunub.
0