Lippertdən səmimi etiraf
30.09.2008 - 15:21
Lippertdən səmimi etiraf
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığmasının (U-17) baş məşqçisi Bernard Lippert Avropa çempionatının ilkin seçmə mərhələsi haqqında fikirlərini bölüşüb. Almaniyalı çalışdırıcı “APA-Sport” açıqlamasında bildirib ki, yığmanın Polşada göstərdiyi nəticəni uğurlu saymaq olar.

“Düzdür, 4 xalla ikinci yeri tutduq. Ancaq ən əsası, elit mərhələyə yüksəlməklə, minimum vəzifənin öhdəsindən gəldik” - deyə Lippert söyləyib. Baş məşqçi yaxşı oyunla nəticənin vəhdət təşkil etməməsindən gileylənib: “Elə görüş var idi ki, yaxşı oyun nümayiş etdirdik, amma nəticə qazana bilmədik. Bunun əksinə də rast gəlmək mümkün idi. Seçmə mərhələdə zəif təsir bağışladığımız, eyni zamanda nəticə əldə etdiyimiz matç oldu. Təəssüf ki, yaxşı oyunla nəticə hələlik vəhdət deyil”.

Lippert vurğulayıb ki, digər komandalarla müqayisədə qrupda ikinci yeri tutmaq böyük uğurdur: “Ümumilikdə, bu, kiçik uğurdur. Lakin nəzərə alsaq ki, Rusiya, Ukrayna yığmaları mübarizəni erkən dayandırdılar, deməli, böyük uğura imza atmışıq”. Əcnəbi məşqçi Avropa çempionatının elit mərhələsi barədə ümidsiz halda danışıb. O, milli komandamızın qitə birinciliyinin final mərhələsinə yüksəlməyə qadir olmadığını səmimi etiraf edib: “Məsələyə real baxsaq, bizim Avropa çempionatına vəsiqə qazanmağımız qeyri-mümkündür. Çünki bu hüquqa elit mərhələsində yalnız qrup qalibləri yiyələnəcəklər. Biz isə qrupda sonuncu yeri tutmamağa çalışacağıq”.

Qeyd edək ki, U-17 Polşada keçirilmiş ilkin seçmə mərhələdə Bolqarıstan (3:1), Çernoqoriya (2:2) və meydan sahibləri (0:2) ilə qarşılaşmışdı. Elit mərhələdə 28 kollektiv 7 qrupda qüvvəsini sınayacaq. Qruplarda ilk pillədə qərarlaşacaq yığmalar 2009-cu il mayın 6-dan 18-dək Almaniyada keçiriləcək Avropa çempionatında oynayacaqlar.
0