FİFA Polşaya ultimatum verdi
02.10.2008 - 09:42
FİFA Polşaya ultimatum verdi
Bakı. Mehman Süleymanov - APA-Sport. Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) Polşa hökumətinə ultimatum verib. “APA-Sport”un məlumatına görə, FİFA Polşa Futbol Federasiyasının prezidenti Mixail Listkeviçin oktyabrın 6-dək vəzifəsinə bərpa olunmasını, federasiya rəhbərliyinə qoyulan sanksiyanın ləğv edilməsini tələb edir.

Polşa hökumətinin bu tələbi nəzərdən tutulan vaxta qədər yerinə yetirməməyi futbol yığmasına baha başa gələcək. Belə ki, milli komandanın 2010-cu il dünya çempionatının seçmə mərhələsində oktyabrın 11-də və 15-də müvafiq olaraq Çexiya və Slovakiya yığmaları ilə rəsmi oyunları ləğv olunacaq və polşalılara texniki məğlubiyyət veriləcək. Bundan əlavə, 2012-ci il Avropa çempionatının final mərhələsini Ukrayna ilə birgə keçirəcək Polşanın əlindən bu hüquq alına bilər.

Qeyd edək ki, Listkeviç korrupsiya qalmaqalına görə Polşanın Milli Olimpiya Komitəsinin Arbitraj Məhkəməsi tərəfindən vəzifəsindən çıxarılıb. FİFA-nın üzvü olduğu milli assosiasiyanın işinə dövlət tərəfindən müdaxiləni, təzyiqləri yolverilməz sayır və bu, həmin ölkəyə ağır sanksiya hesabına başa gəlir.
0