Aurelio “Beşiktaş”da oynayacaq
02.10.2008 - 10:20
Aurelio “Beşiktaş”da oynayacaq
Bakı - APA-Sport. Türkiyə yığmasının braziliyalı futbolçusu, hazırda İspaniyanın “Betis” klubunda oynayan Mehmet (Marko) Aurelio ilə bağlı şok xəbər yayılıb. “APA-Sport”un məlumatına görə, 31 yaşlı yarımmüdafiəçi gələn ildən etibarən “Beşiktaş”ın şərəfini qoruyacaq.

Aydın səmada şimşək effekti verən bu xəbəri Türkiyə Futbol Federasiyasının sabiq rəsmisi Tahir Kıran yayıb. O, 2003-08-ci illərdə “Fənərbaxça”nın formasını geyinmiş Aurelionun tezliklə İstanbula qayıdacağını bildirib. Onun iddialarına əsasən, braziliyalı bu dəfə “sarı-lacivərdli” komandada yox, “Beşiktaş”da çıxış edəcək. Artıq tərəflər arasında ilkin razılaşma əldə olunub. Aurelio dövrələrarası fasilədə, daha doğrusu gələn ilin yanvarında rəsmi müqaviləyə imza atacaq.

Kıran, həmçinin təcrübəli futbolçunun “Fənərbaxça”dan ayrılmasının səbəblərini də açıqlayıb. Aurelionun sözügedən klubu tərk etməsi maddi amillərlə əlaqədar olub. “Fənərbaxça”da ilə 2 milyon avro qazanan yarımmüdafiəçi mövsüm başa çatdıqdan sonra rəhbərlikdən əməkhaqqının 500 min avro artırılmasını tələb edib. Lakin prezident Əziz Yıldırım ona rədd cavabı verib. Nəticədə Aurelio “Betis”in təklifini qəbul edərək, 5 il şərəfini qoruduğu “Fənərbaxça”dan ayrılıb.
0