Finlandiya - Azərbaycan matçına 16 min bilet satılıb
02.10.2008 - 10:52
Finlandiya - Azərbaycan matçına 16 min bilet satılıb
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycan milli komandası dünya çempionatının seçmə qrup mərhələsində oktyabrın 11-də Helsinkidə Finlandiyanın 11 deyil, 12 oyunçusuna qarşı mübarizə aparacaq. Çünki matçın keçiriləcəyi Olimpiya stadionuna “12-ci oyunçu” qismində çıxış edən kifayət qədər yerli azarkeşin gələcəyi gözlənilir. “APA-Sport”un məlumatına görə, qarşıdakı görüşə finlandiyalı futbol həvəskarlarının marağı çox böyükdür.

Belə ki, bu matça oktyabrın 1-dək 16 000 bilet satılıb. Bu isə o deməkdir ki, 2007-ci il noyabrın 17-də Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Helsinkinin eyni stadionunda Finlandiya və Azərbaycan yığmaları arasında keçirilmiş oyunla müqayisədə, bu dəfə skandinaviyalıları daha çox azarkeş dəstəkləyəcək. Ötən ilki qarşılaşmanı 10 325 tamaşaçı izləyib.

Satışda isə hələ 24 000 bilet qalıb. Sektorlardan asılı olaraq, biletlərin qiymətləri 7 - 80 avro arasında dəyişir. Helsinki Olimpiya stadionu 42 062 tamaşaçı tutumuna malikdir.
0