Araqones bir xala sevinir
02.10.2008 - 11:12
Araqones bir xala sevinir
Bakı - APA-Sport. “Araqones “Dinamo” ilə oyunda bir xala sevinir. O, Avropa çempionluğunu qazansa da, “Fənərbaxça”nın nə qədər böyük komanda olduğunu dərk etməyib. İndiyədək bir sistem ortaya qoymalı idi. Amma hələ də bildiyini edir. Belə olmaz, ya işinin öhdəsindən gələcək, ya da biletini alıb İspaniyaya gedəcək”. “APA-Sport”un məlumatına görə, bu sözləri Türkiyənin “Fənərbaxça” klubunun sabiq prezidenti Əli Şən söyləyib.

İstanbulluların Superliqada və Çempionlar Liqasında çıxışından narazı qalan Şən braziliyalı legioner Roberto Karlosu da sərt tənqid edib: “Karlos ötən il zədəsini bəhanə gətirdi və bizi aldadıb vətəninə yollandı. Hasan Şaş isə xəstəxanadan Ankaraya getdi və “Qalatasaray”ın çempionluğunda pay sahibi oldu. Karlos bir sol cinah müdafiəçisi kimi sıfırdır”.

Kapitan Aleks de Souzanı və yeni transfer Daniel Quizanı tərifləyən Şən komandanın hazırkı prezidenti Əziz Yıldırımı da dəstəkləyib: “Qol vuran, məhsuldar ötürmə verən Aleksdir. Quizanı da mübarizə əzminə görə çox bəyənirəm. Digər futbolçular Aleksə yaxşı baxsınlar. Çünki nə qədər Aleks varsa, onlar pul qazanacaqlar. Azarkeşlərin Əziz Yıldırımı istefa səslədiyini görüncə çox üzüldüm. O, buna layiq deyil. Yıldırım “Fənərbaxça” üçün çox şey edib”.
0