Luçesku: “Biz sanki ermənilərə qarşı oynayırdıq”
02.10.2008 - 12:55
Luçesku: “Biz sanki ermənilərə qarşı oynayırdıq”
Bakı. Mehman Süleymanov - APA-Sport. Mirça Luçesku Donetskin “Şaxtyor” klubunun baş məşqçi postunu tərk etmək fikrində deyil. “APA-Sport”un məlumatına görə, rumın mütəxəssis Çempionlar Liqasında “Barselona”ya evdəki məğlubiyyətdən sonra da istefa vermək qərarına gəlməyib. O, komandasını düşdüyü vəziyyətdən çıxara biləcəyinə inanır: “Klubla elə bir müqaviləm var ki, sərbəst şəkildə gedə bilmərəm. Buna görə də getməyimi təkid etməyin. İstefam o halda baş verə bilər ki, klubumuzun prezidenti Rinat Axmetov mənə bunu desin. Məni “Şaxtyor”a müqavilə, yaxud pul bağlamır. Xaraktercə döyüşkən insanam və komandanı çətin vəziyyətdə qoyub gedə bilmərəm”.

“Şaxtyor”un son vaxtlar uğursuz çıxışına görə Luçeskunu günahlandıran azarkeşlər onun tezliklə istefa verməsini tələb edirlər. Onlar Donetskdə Çempionlar Liqasının cari mövsümündə ilk oyuna rumın mütəxəssisi istefaya səsləyən plakatlarla gəliblər. Orada italyanca bu sözlər yazılıb: “Mirça, İtaliyada sənin evini artıq dağıtmışdılar. Ukraynalıların qonaqpərvərliyindən istifadə etmə”. İtalyan dilini yaxşı bildiyindən, yazılanları başa düşən Luçesku Ukrayna mətbuatında da haqqında gedən yazıları təəssüflə qarşılayıb: “Komandamız üçün faydalı olan, onu ruhlandıra bilən məqalələr çox azdır. Məndə elə təəssürat yaranır ki, biz “Barselona”ya yox, “Pünik”ə qarşı oynayırıq”.

Qeyd edək ki, “Barsa”ya məğlubiyyətdən sonra hirsini rəqibdən çıxan Luçesku onun oyununu sıfır qiymətləndirib, buna lağ-lağı ilə əl çalıb.
0