Messi ən yaxşı futbolçu seçildi
03.10.2008 - 15:14
Messi ən yaxşı futbolçu seçildi
Bakı - APA-Sport. UEFA Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunun ən yaxşı futbolçusu müəyyənləşib. “APA-Sport”un məlumatına görə, bu ada “Barselona” klubunun yarımmüdafiəçisi Lionel Messi layiq görülüb.

İspaniyanın “Marca” və İtaliyanın “La Gazzetta dello Sport” qəzetlərinin birgə keçirdikləri sorğuda argentinalı futbolçu 52 956 səs toplayıb. Messi “Şaxtyor”la səfər matçında göstərdiyi parlaq oyun sayəsində birinci yeri tutub. 60-cı dəqiqədə Anrini əvəzləyən Lionel 87-ci və 90-cı dəqiqələrdə iki qol vuraraq, şərəfini qoruduğu komandaya 2:1 hesablı qələbə qazandırıb.

Sorğuda “Atletiko”lu Serxio Aquero ikinci olub - 50 549 səs. 20 yaşlı hücumçu ikinci turda “Marsel”lə oyunda hesabı açmışdı. Final fitində də sevinən tərəf madridlilər olmuşdular (2:1). “Zenit”lə görüşdə qələbə topunun müəllifi Rud van Nistelroy isə üçüncü yeri tutub. “Real”ın üzvünü 38 631 azarkeş dəstəkləyib.

Qeyd edək ki, birinci turun ən yaxşı futbolçusu “Yuventus”un hücumçusu Alessandro del Pyero seçilmişdi.
0