Şakiri Azərbaycanda hakimlərdən narazıdır
07.10.2008 - 12:51
Şakiri Azərbaycanda hakimlərdən narazıdır
Bakı. Mehman Süleymanov - APA-Sport. “Ehtiyatda qalmağım peşəkarlıq baxımdan mənim üçün gözlənilməz deyil. Əgər məşqçi belə qərar veribsə, deməli, nəsə bildiyi var və ona hörmət etmək lazımdır. Heç bir məşqçi özünü yandırmaq istəməz. Amma təbii ki, mən də hamı kimi daim əsas heyətdə meydana çıxmaq istəyirəm”. “APA-Sport”un məlumatına görə, bunu Ağdamın “Qarabağ” klubunun makedoniyalı yarımmüdafiəçisi Artim Şakiri deyib.

Azərbaycan Premyer Liqasının son turunda Tovuzda “Turan”la oyunda (1:0) sonradan meydana çıxaraq qələbə topuna imza atan 35 yaşlı futbolçu hər matçda qol vurmaq haqda düşündüyünü bildirib. Şakirinin sözlərinə görə, çempionatımızın belə gərgin keçməsi onun gözlənilməz olub: “Çoxlu legionerlərin olması futbola olan marağı göstərir. Yalnız hakimlikdən, daha doğrusu, onların oyunun tempini çox öldürməsindən narazıyam. Futbol sürətli oynanmalı olduğu halda, hakimləriniz ən xırda hərəkətdə matçı dayandırılar”.

Artim vurğulayıb ki, azarkeşlərin stadiona gəlməməsinin səbəbini bilmir: “Azarkeşsiz futbol mümkün deyil. Bura lap Ronaldonu da gətirsəniz, çempionatın səviyyəsi qalxmayacaq”.
0