Bizimkilər “Mançester Yunayted”də
07.10.2008 - 13:24
Bizimkilər “Mançester Yunayted”də
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycan futbol mütəxəssislərindən ibarət nümayəndə heyəti “Beynəlxalq İdman Həyəcanı” proqramı çərçivəsində İngiltərə Premyer Liqasının dörd klubuna baş çəkib. Azərbaycan Gənclər və İdman Nazirliyinin (AGİN) mətbuat xidmətindən “APA-Sport”a verilən məlumata görə, həmyerlilərimiz uşaq və məhəlli futbolunun inkişafı istiqamətlərini öyrənmək üçün “Mançester Yunayted”, “Liverpul”, “Everton” və “Blekbern” komandalarının bazalarında olublar.

“Dumanlı Albion”a AGİN-in futbol sektorunun müdiri Nüvər Xasıyev, AFFA-nın Beynəlxalq Əlaqələr Departamentinin rəisi Orxan Hüseynzadə, Təhsil Nazirliyinin İxtisaslaşdırılmış Futbol Məktəbinin direktoru Fazil Eyyubov və başqaları yollanıblar. Onlar “Mançester Yunayted”, “Liverpul”, “Everton” və “Blekbern” klublarında uşaq futbol akademiyalarının yaranma tarixi, iş strukturu, məşqçilik, inkişaf və təhsil proqramları ilə tanış olublar. Eyni zamanda səfər zamanı klublar və ümumtəhsil məktəbləri, eləcə də icma üzvləri arasındakı əlaqələrin müxtəlif səviyyələrini öyrənmək imkanı yaranıb.

Danışıqlar zamanı qərara alınıb ki, gələcəkdə İngiltərə Premyer Liqasından olan mütəxəssis Azərbaycana gələrək, uşaq futbolunun vəziyyəti ilə yerində tanış olsun və bu sahə üzrə görüləsi işləri planlaşdırsın.
0