Bir oyuna iki avtoqol nədir ki?
16.10.2008 - 14:18
Bir oyuna iki avtoqol nədir ki?
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Rusiya - Finlandiya qarşılaşması maraqlı hadisə ilə əlamətdar olub. “APA-Sport”un məlumatına görə, meydan sahiblərinin 3:0 hesabıyla qalib gəldiyi görüşdə qolların ikisini skandinaviyalılar vurub. Bir komandanın matç ərzində iki avtoqola imza atması nə qədər maraqlı hadisə olsa da, futbol tarixindəki qeyri adi hadisələrin yanında heç nədir. Nəinki bir komandanın, hətta bir futbolçunun 90 dəqiqə ərzində öz qapısından iki dəfə top keçirməsinə o qədər təsadüf olunub ki. Hətta Azərbaycan çempionatında da futbolçunun bunu “bacardığının” şahidi olmuşuq. Amma avtoqollarla bağlı daha maraqlı faktlar da tarixdə qalıb.

1976-cı il martın 20-də İngiltərənin “Aston Villa” və “Lester” klublarının görüşündə bir futbolçu 4 qol vurub. Amma birminhemlilərin kapitanı Kris Nikol rəqib və özününkülər arasında ayrı-seçkilik etməyərək, hər komandanı iki dəfə məyus edib – 2:2.

Belçikanın “Standard” klubunun məşqçilər korpusunda yer alan Stan van den Buys futbolçu karyerasında “fantastik” nəticə göstərib. 1995/96 mövsümündə keçirilən “Anderlext” – “Jerminal” qarşılaşmasında van den Buys üç qol vurub. Lakin “Jerminal”lı müdafiəçi bütün qolları öz qapısına vuraraq, “Anderlext”ə 3:2 hesablı qələbə bəxş edib.

2002-ci ildə Madaqaskar çempionatının bir oyununda 149 avtoqol vurulub. Əvvəlki turda hakim haqsızlığına tuş gələn SOE klubu buna etiraz olaraq “Adema” ilə görüş başlayan kimi öz qapısını “topa” tutub və bütün qolları özü öz qapısına vurub.

Azərbaycana gəlincə, ən yüksək “nəticə” MOİK-in futbolçusu Natiq Qasımova məxsusdur. O, 2006-cı ilin aprelin 5-də “Karvan”la baş tutan oyunda iki dəfə topu öz qapısına vurmaqla, qonaqları sevindirib.
0