Vitse-prezident “Neftçi”də baş verənlərə aydınlıq gətirdi
16.10.2008 - 17:17
Vitse-prezident “Neftçi”də baş verənlərə aydınlıq gətirdi
Bakı. Mehman Süleymanov - APA-Sport. “AFFA cari mövsümdən əvəzedici komandaların çempionatını keçirməklə, çox gözəl addım atıb. Baş məşqçinin futbolçunu əvəzedici heyətə göndərməsi dünya praktikasında da müşahidə olunur və bu normal haldır”. Bu sözləri “APA-Sport”a açıqlamasında “Neftçi” klubunun vitse-prezidenti İlqar Quluzadə deyib.

Elnur Allahverdiyevlə Rəşad Sadiqovun əvəzedici heyətə qatılmaqdan imtina etməsinə münasibət bildirən Quluzadə futbolçuların hərəkətinə haqq qazandırmayıb. Vitse-prezident vurğulayıb ki, komandanın alman baş məşqçisi Hans-Yurgen Gedenin islahatlarını dəstəkləyir: “Hər bir oyunun protokoluna maksimum 18 futbolçunun adı daxil olur. Bunlardan maksimum üçü sonradan meydana çıxa bilər. Heyətimiz genişdir və baş məşqçi lazım bildiyi futbolçuları əvəzedici heyətə göndərib. Burada qəribə heç nə yoxdur. Futbolçunun hansı komandada çıxış etməsini baş məşqçi müəyyənləşdirir, oyunçu da onun dediklərinə əməl etməlidir”.

Quluzadə vurğulayıb ki, Allahverdiyevlə Sadiqov haqda ölçü götürüləcək: “Onları hansısa formada cəzalandıracağıq. Biz bu məsələdə baş məşqçini haqlı sayaraq, onu dəstəkləyirik. Hər halda, Gede klubun adından danışır, səviyyəsinin yüksəlməsi üçün çalışır və biz baş məşqçinin işinə qarışmırıq. “Xəzər-Lənkəran”la qarşıdakı vacib oyun öncəsi komandada vəziyyət qaydasındadır. Bizim üçün təkcə bu yox, bütün komandalarla matçda qələbə qazanmaq vacibdir”.

Qeyd edək ki, “Neftçi” qarşıdakı tur çərçivəsində oktyabrın 19-da Premyer Liqanın vahid lideri “Xəzər-Lənkəran”ın qonağı olacaq.
0