Subaşiç Foqtsdan inciyib - MÜSAHİBƏ
17.10.2008 - 11:08
Subaşiç Foqtsdan inciyib - MÜSAHİBƏ
Bakı. Mehman Süleymanov – Azərbaycan milli komandasının serbiyalı hücumçusu Branimir Subaşiçin “APA-Sport”a müsahibəsi

- Azərbaycan yığmasından imtina ilə bağlı fikir bildirmisiniz. Buna nə izah verə bilərsiniz?
- Mən Azərbaycan milli komandasında çıxışını davam etdirmək istəyirəm. Kim deyir ki, imtina etmişəm?
- Bu haqda çıxış etdiyin “Srvena Zvezda” klubunun rəsmi saytına açıqlama vermisiniz. Hətta Serbiya mətbuatında AFFA-nın baş katibinin bu qərara təəccübləndiyi də bildirilir...
- Siz nə danışırsınız? İndi Serbiyada səhər saat 8-dir. Məni yuxudan oyatdınız. Heç bir internet, yaxud mətbuat orqanını oxumamışam. Qoy yuxudan tam ayılım, bundan sonra məsələni araşdıraram. Baxım görüm bu anlaşılmazlıq haradan ortaya çıxıb?
- Axı serbiyalı jurnalistlərin marağı nədir ki, sizin Azərbaycan yığmasında oynamaqdan imtina etməyinizi yazsınlar? Yəqin ki, nəsə demisiniz, onlar da yazıblar...
- Əslində, məni düzgün başa düşməyiblər. Məndən yığmada çıxışım haqda soruşublar və cavabımda iki “cəbhə”də oynamaqla yorulduğumu demişəm. Ancaq bu o demək deyil ki, bir daha Azərbaycan millisinə gəlmək istəmirəm. Bu, mümkün deyil.
- Deməli, Latviya ilə noyabrın 19-da keçiriləcək yoldaşlıq görüşünə gəlmək fikrindəsiniz?
- Bəli. Həmin vaxt dəvət alsam, Bakıda olacağam.
- Bəlkə Bəhreynlə son yoldaşlıq görüşündə hansısa problemlə üzləşmisiniz?
- Yox.
- Hər halda, həmin matçda sonradan da olsa meydana çıxmadınız.
- Kimin oynatmaqla bağlı qərarı baş məşqçi müəyyənləşdirir.
- Daim əsas heyətdə oynayan futbolçunun sonadək ehtiyatda qalmağı təəccüblü olmadı ki? Bəlkə buna görə baş məşqçi Berti Foqtsa narazılıq etmisiniz?
- Foqtsla problemim yoxdur. Sadəcə, yığmanın Finlandiya ilə oyundan sonra yorulduğumdan klubun düşərgəsinə qayıtmaq istəyirdim. Qarşıdakı matç rəsmi yox, yalnız yoldaşlıq görüşü idi. Mən də Foqtsa yaxınlaşıb, klubuma qayıtmağa icazə istədim. O isə buna razılıq vermədi və məni yığma ilə birgə Finlandiyadan Bəhreynə apardı. Orada isə məni meydana buraxmadı. Bu mənə çox pis təsir etdi. Ola bilsin ki, serbiyalı jurnalistlə söhbətimdə hirsli idim və fikirlərimi düzgün çatdıra bilməmişəm.
- Hər halda, bu fikirlər sizin yığmadakı gələcək taleyinizə problem yaradacaq...
- Mən belə düşünmürəm. Artıq bu gün hər şeyi qaydasına qoyacağam. Bununla bağlı təkzib verəcəyəm.
- Bəlkə Azərbaycan yığmasını seçdiyiniz üçün peşimançılıq hissi keçirirsiniz? Hər halda, Serbiyada çıxış edərkən yığma məşqçilərinin diqqətini cəlb edə bilərdiniz?
- Hər hansı peşmançılıqdan söhbət gedə bilməz. Mən ötən il Azərbaycan yığmasında oynamağa razılıq verərkən, hər şeyi ölçüb-bişmişdim. Üç il çıxış etdiyim Azərbaycanı ikinci vətənim sayıram.
- Ancaq son vaxtlar yığmadakı çıxışıniz zəif alınır. Sanki könülsüz oynayırsınız. Fikirlərinizdə də Azərbaycanın uzaqda olduğunu və bütün diqqətinizi klubun oyunlarına yönəltmək niyyətində olduğunu söyləmisiniz.
- Mən Azərbaycan yığmasında ürəklə oynayıram. Ola bilsin oyunum alınmır. Sadəcə, klubuma da diqqət göstərib, yaxşı çıxış etmək istəyirəm.
- Hər halda, fakt faktlığında qalır ki, yığmamız rəsmi oyunlarda qol vurmaqda böyük çətinlik çəkir...
- Meydanda olduğum müddətdə işgüzarlığımla qol vurmağa, yığmanın uğurlu çıxışı üçün çalışıram. Komanda yoldaşlarım da baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə səy göstərir. Hər halda, biz də yaxşı çıxış etmək, qol vurmaq istəyirik. Ola bilsin ki, hələ öz üzərimizdə çox çalışmalıyıq.
- AFFA rəhbərliyi ilə hər hansı probleminiz olmayıb ki?
- Qətiyyən. Niyə də olmalıdır? Axı AFFA rəhbərliyindən necə narazı ola bilərik ki, onlar uduzduğumuz oyundan sonra da bizə mükafat vermişdilər.








0