Rasim Kara klublara mesaj göndərdi
17.10.2008 - 15:04
Rasim Kara klublara mesaj göndərdi
Bakı. Mehman Süleymanov - APA-Sport. “Neftçi” ilə oyun bizim üçün ciddi sınaq olacaq. Rəqibin cari mövsümdə zəif çıxışı arxayınlaşmağa əsas vermir”. Bunu “APA-Sport”a açıqlamasında “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Rasim Kara deyib.

Premyer Liqanın VIII turunda öz meydanında “Neftçi”ni qəbul edəcək Lənkəran təmsilçisinin çalışdırıcısı bildirib ki, indiyədək rəqibi məğlub edə bilməməsindən narahat deyil: “Çünki keçmişə yox, gələcəyə baxıram. Ona qalsa, “Neftçi” ötən mövsümün sonunda çalışdırdığım “Qarabağ”ın gənc komandasını məğlub edə bilmədi. Məni təkcə bu yox, bütün komandaları məğlub etmək maraqlandırır. Ümumiyyətlə, məni “Neftçi” maraqlandırmır”.

Oyuna ciddi hazırlaşdıqlarını vurğulayan Kara iki aylıq fasilədən sonra Lənkərana qayıdışlarını qələbə ilə qeyd etmək fikrindədir. O, bu məqsədə çatmaq üçün bütün güclərini qoyacaqlarını söyləyib: “Belə bir oyunda azarkeş dəstəyinə böyük ehtiyacımız var. Rəqib uduzarsa, turnir cədvəlində geriləyəcək, biz isə birinci pillədə mövqeyimizi qoruyacağıq. Düzdür, qələbə elə də asan olmayacaq. Rəqib son turda qazandığı 5:0 hesablı qələbə ilə toparlanıb. Hazırkı “Xəzər-Lənkəran”ın “Neftçi”dən güclü, yaxud zəif olduğunu demək düzgün çıxmaz. Sadəcə, mən komandama inanıram və qələbə qazanmaqla bağlı nikbinik”.

Qeyd edək ki, “Xəzər-Lənkəran” turnir cədvəlinin 8-ci pilləsində qərarlaşan “Neftçi”ni 9 xal qabaqlayır.
0