Futbol yığmamızın rekordçusu Macarıstana gedir
17.10.2008 - 16:59
Futbol yığmamızın rekordçusu Macarıstana gedir
Bakı. Aqşin Əliyev - APA-Sport. Avropa çempionatının seçmə mərhələsinin 1-ci qrupunda mübarizə aparacaq Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının (U-19) heyətində dəyişiklik olunub. “APA-Sport”un AFFA-nın rəsmi İnternet saytına istinadən məlumatına görə, baş məşqçi Yaşar Vahabzadə yığmaya daha iki oyunçu cəlb edib. Bunlar “Neftçi”nin üzvləri Araz Abdullayevlə Emin Cəfərquliyevdir.

Öncə Vahabzadə 19 futbolçuya dəvət göndərmişdi. Lakin sonradan fikrini dəyişən baş məşqçi əsas milli komandamızın da şərəfini qoruyan Araz və Emini də Macarıstanda keçiriləcək seçmə oyunlara aparmaq qərarına gəlib. U-19 seçmə mərhələdə Şotlandiya (20 oktyabr), Macarıstan (22 oktyabr) və San-Marino (25 oktyabr) ilə qüvvəsini sınayacaq.

Qeyd edək ki, Araz Abdullayev yığmanın rekordçusu sayılır. Yarımmüdafiəçi oktyabrın 11-də, 16 yaş 176 günlük olarkən Finlandiya komandasına qarşı forma geyinməklə, milli komandamızın heyətində debüt etmiş ən gənc oyunçu kimi futbol tariximizə düşüb.
0