Mircavadov “Neftçi” və “Xəzər-Lənkəran”a müraciət etdi
17.10.2008 - 18:12
Mircavadov “Neftçi” və “Xəzər-Lənkəran”a müraciət etdi
Bakı. Mehman Süleymanov - APA-Sport. “Xəzər-Lənkəran” - “Neftçi” görüşünü izləmək üçün Lənkərana getmək fikrim yoxdur. Ancaq keçmiş komandalarımın hər ikisinə uğurlar arzulayıram. Kim güclüdürsə, o da qalib gəlsin”. Bunu “APA-Sport”a açıqlamasında “Neftçi” və “Xəzər-Lənkəran” klublarının sabiq baş məşqçisi Ağasəlim Mircavadov deyib.

Bu komandalar arasında keçirilmiş 9 oyunun hamısına baş məşqçi kimi çıxan 61 yaşlı mütəxəssis ilk dəfə derbini kənardan azarkeş kimi izləyəcək. Son 4 ildə növbə ilə çalışdırdığı klublara qarşıdakı görüşdə uğurlar arzulayan Mircavadov onlara müraciət də edib: “İstəyirəm ki, yaxşı futbol nümayiş etdirsinlər. Bizim vaxtımızda oynadıqları kimi. Əvvəllər 30 min azarkeş 90 dəqiqədə gərgin mübarizənin şahidi olurdu. Fanatların oyuna gəlməsi məni daha da həvəsləndirir. Bu, böyük amildir”.

Mircavadov üç il öncə “qızıl oyun”da “Xəzər-Lənkəran”ı yenməklə, çempion etdiyi “Neftçi”də tez-tez baş məşqçi dəyişikliyinə rəy bildirməkdə çətinlik çəkib: “Fikir bildirmək üçün gərək klubun içində olasan. Biz problemlərin olduğunu yalnız kənardan eşidirik. Bilirsiniz, “Neftçi”də vəziyyət nə qədər ürəkaçan olmasa da, belə oyunlar öncəsi futbolçular özləri toparlamalıdırlar. Onda komandanın gücü bilinir”.

“Xəzər-Lənkəran”ın cari mövsümündə oyununu görmədiyini deyən Mircavadov yeni transfer İvan Svetkovun çıxışına da toxunub. Təcrübəli mütəxəssisin fikrincə, 4 oyunda vurduğu 8 qolla Premyer Liqanın bombardiri olan 29 yaşlı bolqar hücumçunu çoxdan “Xəzər-Lənkəran”da görmək istəyib: “Svetkovun transfer olunmasını mən də istədim. Hücumçu “Xəzər-Lənkəran”ı çalışdırdığım dövrdə böyük maraq dairəmdə idi. Ancaq həmin vaxtda bu transfer nədəncə alınmadı. Ola bilər ki, Svetkov Azərbaycana gələn ən səviyyəli hücumçudur. Deyilənə görə, cərimə meydanında yaxşı oynayır”.
0