Mərkəzi Ordu İdman Klubuna sponsor tapıldı
18.10.2008 - 10:47
Mərkəzi Ordu İdman Klubuna sponsor tapıldı
Bakı - APA-Sport. Azərbaycan Premyer Liqasının debütantı Mərkəzi Ordu İdman Klubuna (MOİK) sponsor tapılıb. Bu haqda “APA-Sport”a məlumat verən MOİK-in rəisi, polkovnik Natiq Əliyevin sözlərinə görə, komandaya Azərbaycan Respublikası Dövlət Neft Şirkəti sponsorluq edəcək.

“Bununla bağlı artıq rəsmi müqavilə imzalanıb. Şirkət rəhbərliyi tərəfindən söz verilib ki, klubumuzun maliyyə ilə əlaqədar hər hansı problem yaşamayacaq. Bu köməkliyə görə, Dövlət Neft Şirkətinin rəhbərliyinə təşəkkür edirəm” - deyə Əliyev vurğulayıb.

Həmçinin, MOİK rəisi komandanın çıxışından razı qalmadığını bildirib. Əliyev deyib ki, gələcəkdə uğurlu nəticə qazanmaq üçün hərbi xidmətə futbolçu çağırılmayacaq: "Biz peşəkar komanda yaratmaq istəyirik. Ancaq əsgərlərlə buna nail olmaq mümkün deyil. İl ərzində 4 dəfə hərbi çağırış olduğundan heyəti sabit saxlamaq olmur. Gələcəkdə komandaya peşəkar futbolçular dəvət edib, onlarla 2-3 illik müqavilə bağlayacağıq”.

Qeyd edək ki, hazırda MOİK 3 xalla 14 kollektiv arasında 12-ci pillədə qərarlaşıb. Cari mövsümdə keçirdiyi 6 oyunda cəmi 1 qələbə qazanan “hərbçilər” birinci diviziona düşməyə real namizəd sayılırlar.
0