Miçoviç iki top buraxsa da, rekord vurdu
20.10.2008 - 10:07
Miçoviç iki top buraxsa da, rekord vurdu
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Neftçi” klubunun serbiyalı qapıçısı Vladimir Miçoviç rekorda imza atıb. “APA-Sport”un məlumatına görə, Premyer Liqanın VIII turunda “Xəzər-Lənkəran”a uduzan bakılıların qolkiperi üç illik Azərbaycan karyerasının ən yüksək nəticəsini göstərib. Ardıcıl 5 oyun qapısının toxunulmazlığını qoruyan Vladimir bu dəfə iki qol buraxıb ki, onlardan biri serbiyalının “quru” seriyasına son qoyub.

İkinci turun “Bakı” ilə oyununda Fernando Peresin qoluna üzülən Miçoviç Lənkərandakı matçadək 492 dəqiqə idi ki, qapısından top buraxmırdı. “Xəzər-Lənkəran”ın bolqar hücumçusu İvan Svetkovun 29-cu dəqiqədə fərqlənməsi bu seriyanı 521-də saxladı. Azərbaycanda şəxsi rekordunu 2005/06 mövsümündə müəyyənləşdirən Miçoviç o vaxtkı 507 dəqiqəlik seriyasını yaxşılaşdıra bilib.

Svetkovun qolu həm də flaqmanın baş məşqçisi Hans-Yurgen Gedeyə məyusluq yaşadan ilk top olub. Azərbaycandakı baş məşqçi karyerasındakı ilk üç matçda yetirmələrinin qol buraxmasını görməyən almaniyalı “Xəzər-Lənkəran”la qarşılaşmada buna şahid oldu. Lənkəranlılar həm də Azərbaycanda almaniyalıların ilk məğlubiyyətinin “memar”ı oldu. İndiyədək yerli baş məşqçilərlə üz-üzə gələn Gede özü kimi əcnəbi olan ilk həmkarı ilə mübarizədə xalsız qaldı.


0