İqor Ponomaryovun Bakıya növbəti səfəri
20.10.2008 - 10:13
İqor Ponomaryovun Bakıya növbəti səfəri
Bakı. Mehman Süleymanov - APA-Sport. Milli komandamızın sabiq baş məşqçisi İqor Ponomaryov Bakıya gəlib. İsveçdə yaşayan 48 yaşlı mütəxəssis üç illik fasilədən sonra yenidən Azərbaycanda işləyəcək.

Ölkəmizdə sonuncu dəfə “Qarabağ”ın baş məşqçisi olan Ponomaryov keçmiş komandasının hesabat turunda məğlub etdiyi (3:1) Salyanın NBC klubunda çalışacaq. NBC-nin icraçı-direktoru Füzuli Əliyev “APA-Sport”a açıqlamasında təcrübəli mütəxəssisə hələlik rəsmi təklif göndərmədiklərini bildirib: “Ponomaryovla komandamızın “Qarabağ”la oyununu izləyərkən görüşmüşəm. Ona klubumuzda görmək istəyimizi çatdırmışam. Çox istərdik ki, Ponomaryov kimi təcrübəli mütəxəssis komandamıza kömək etsin. Məsələyə yaxın günlərdə aydınlıq gələcək. Yəqin ki, hər şey yaxşılığa doğru olacaq”.

Əliyev bildirib ki, Ponomaryov komandanın baş məşqçisi Vladislav Qədirovun yanına gəlib: “Rəhbərlik Vladislav Qədirovun işindən razıdır. Onu baş məşqçilikdən çıxartmaq gündəmdə deyil. Sadəcə, Qədirovla dostluq edən Ponomaryovun klubumuzda məsləhətçi olmasını istərdik. Belə bir mütəxəssisin təcrübəsi bizə faydalı ola bilər. Gələcəkdə klubumuzun iddiası artarsa, onda Ponomaryovla baş məşqçi kimi də işbirliyimiz mümkündür”.

Qeyd edək ki, NBC-nin Premyer Liqada ilk baş məşqçisi kimi tarixə düşən 38 yaşlı Vladislav Qədirov İqor Ponomaryovun “Qarabağ”da köməkçisi olub.
0