Svetkov milli komandaya lazımdırmı?
20.10.2008 - 14:09
Svetkov milli komandaya lazımdırmı?
Bakı. Mehman Süleymanov - APA-Sport. “Berti Foqtsun “Xəzər-Lənkəran”ın bolqarıstanlı hücumçusu İvan Svetkovun oyununu bəyəndiyini deyə bilmərəm. Hər halda, legionerin milliləşdirilməsi mənə aid məsələ deyil”. Bunu “APA-Sport”a açıqlamasında Azərbaycan milli komandasının məşqçisi Elxan Abdullayev deyib.

Cari mövsümdən ölkəmizdə çıxış edən Svetkovun oyununu bəyənən Abdullayev bildirib ki, hadisələri qabaqlamaq məqsədəuyğun deyil. Yığmada legionerlərin sayının çox olmasına qarşı çıxan məşqçinin sözlərinə görə, əcnəbilərin cəlb edilməsi incə məsələ olduğundan buna xüsusi diqqət yetirmək lazımdır: “İlk növbədə onu dəqiqləşdirmək lazımdır ki, Svetkov yığmada oynayıb, ya yox. Oynamayıbsa belə, onu dərhal milliləşdirməyin tərəfdarı deyiləm. Hər halda, mən şəxsi fikrimi deyirəm. Svetkov çox yaxşı futbolçudur. Ancaq o, Azərbaycana təzə gəlib, burada nə qədər çıxış edəcəyi məlum deyil. İvan 5 oyuna 9 qol vursa da, bununla qəti fikir söyləmək olmur. Onu hələ yoxlamaq lazımdır. Futbolçu da yığmada çıxış etməyi istəməlidir. Fikrimcə, Svetkovun milliləşdirilməsi məsələsində tələsmək lazım deyil”.

Qeyd edək ki, “Xəzər-Lənkəran”ın heyətində meydana çıxdığı hər oyunda qol vuran Svetkov Premyer Liqanın vahid bombardiridir.
0