Ponomaryov Foqtsu müdafiə etdi - MÜSAHİBƏ
20.10.2008 - 15:41
Ponomaryov Foqtsu müdafiə etdi - MÜSAHİBƏ
Bakı. Mehman Süleymanov – APA-Sport. Azərbaycan milli komandasının sabiq baş məşqçisi İqor Ponomaryovun “APA-Sport”a müsahibəsi

- Azərbaycana gəlişinizdə məqsəd nədir?
- Səfərim şəxsi işlərimlə bağlıdır. Anamla bacım Bakıda yaşayır, onlara baş çəkməyə gəlmişəm. Fürsətdən istifadə edib, dostlarımla görüşdüm, bir yerdə oynadığımız vaxtları, xoş xatirələri yada saldıq. Ötən həftənin şənbə günü “Qarabağ” - NBC oyununu izlədim. Dünən isə Lənkəranda futbol bayramının iştirakçısı oldum. Bildiyiniz kimi, “Neftçi”də uzun müddət birgə oynadığım dostum İsgəndər Cavadov az öncə Regional Futbol Federasiyalarının prezidenti seçilib. Cavadov qurumun başçısı kimi, Lənkəranda keçirilən yarışın iştirakçılarını mükafatlandırdı. Veteran futbolçulardan mənimlə yanaşı, Oqtay Abdullayev, Maşallah Əhmədov və digərləri də orada idi.

- “Xəzər-Lənkəran” - “Neftçi” oyunu haqda təəssüratlarınızı bilmək maraqlı olardı. Üç illik fasilədən sonra olduğunuz Lənkəran şəhər stadionu çoxmu dəyişib?
- Həmin vaxt çalışdırdığım “Qarabağ” bu stadionda Karanın rəhbərlik etdiyi “Xəzər-Lənkəran”a uduzmuşdu. Sözsüz ki, infrastrukturla əlaqədar müsbət dəyişikliklər çoxdur. Ot örtüyü yaxşılaşıb, yeni tablo quraşdırılıb, azarkeşlər də oyuna fərqli yanaşırlar. Əvvəllər də “Xəzər-Lənkəran”ı çılğın dəstəkləyirdilər. Sadəcə, indi daha mütəşəkkil azarkeşlik edirlər. Lənkəranda dolu stadionda möhtəşəm atmosfer var idi. Oyuna gəlincə, prinsipial rəqiblərdən heç biri uduzmaq istəmirdi. Matça yaxşı başlayan “Neftçi” ərazi üstünlüyünə malik idi. Ancaq buraxdığı səhvlər flaqmana baha başa gəldi. İlk qol epizodunda “Neftçi”nin qapıçısı ilə Rəşad Sadıqovun nə fikirləşdiyini söyləmək çətindir. Ola bilsin ki, hər ikisi bir-birinə ümid bəsləyirdi. Nəticənin oyuna görə olduğunu birmənalı demək olmur. Hər halda, idman xoşbəxtliyi “Xəzər-Lənkəran”ın tərəfində idi.

- Sizcə, hazırkı lider “Xəzər-Lənkəran”ı çempionluğa əsas namizəd saymaq olar?
- Bilirsiniz, çempionat uzun marafondan ibarətdir və qarşıda hələ çox oyunlar var. İndidən qəti fikir söyləmək olmur. “Xəzər-Lənkəran” mütəşəkkil komandadır, oyun nizam-intizamı yüksəkdir. Premyer Liqanın da bombardiri olan bolqar hücumçu İvan Svetkov səviyyəli futbolçudur.

- Bəs karyeranızın böyük hissəsini keçirdiyiniz, sizin üçün doğma olan “Neftçi”nin cari mövsümdə belə zəif çıxışının səbəbini nədə görürsünüz?
- Əlbəttə, karyeramın ən yaxşı illərini keçirdiyim “Neftçi”nin hazırkı durumu mənə pis təsir edir və buna biganə qala bilmərəm. Yəqin ki, problem tez-tez baş məşqçi dəyişikliyi ilə bağlı yaranan qarışıq vəziyyətdədir. Hər bir mütəxəssisin öz oyun fəlsəfəsi olur. Futbolçulara da hər dəfə yeni baş məşqçinin yeni ideyalarına, taktikasına öyrəşmək çətindir. Bu da sonra komandanın çıxışına öz mənfi təsirini göstərir. Məsələn, “Neftçi”nin “Xəzər-Lənkəran”la oyunda əsas problemlərindən biri hücum xəttində oyununun alınmaması idi. “Neftçi”nin hücumçuları meydanda nə etməli olduqlarını bilmirdilər. “Xəzər-Lənkəran”ın müdafiəçiləri rəqibi zərərsizləşdirməyi bacarırdılar.

- Necə düşünürsünüz, “Qarabağ” sizin vaxtınızda güclü idi, yoxsa indi?
- Keçmiş komandam haqda danışmaq düzgün çıxmazdı. Yalnız onu deyə bilərəm ki, mənim vaxtımda “Qarabağ”da yerli futbolçular bundan çox idi və yaxşı da çıxış edirdik. Komandamız mövsümün ilk yarısında yerli futbolçulardan təşkil olunmuşdu və ilk dövrəni lider kimi başa vurduq.

- Oğlunuz Anatoli uzun fasilədən sonra milli komandaya qayıtdı. Yığmamızın Finlandiya ilə səfər matçını izlədinizmi?
- Yox. Yalnız mətbuatda oyunun şərhi barədə yazılar oxumuşam.

- Bəs, Anatoli milli komandadakı son matçı haqda sizə heç nə deməyib?
- Onunla nə görüşmüşəm, nə də telefonla danışmışam. Anatoli Finlandiyadan birbaşa Bəhreynə yollandı. O, İsveçə qayıdanda isə mən Bakıya gəlirdim.

- Cari seçmə mərhələdə Berti Foqtsun çalışdırdığı Azərbaycan yığması üçün cari il başa çatdı. Almaniyalı məşqçinin işini necə qiymətləndirirsiniz?
- Bu, mənim səlahiyyətimə aid deyil. Fikrimcə, Foqtsa vaxt verilməlidir. Milli komandanın sükanı belə bir mütəxəssisə tapşırılıbsa, onu dəstəkləmək lazımdır. Düzdür, mən yalnız iki oyuna baxmışam. Milli komandaya seçim imkanının böyük olmadığını görürəm. Meydandakı futbolçuların çoxu legionerlərdir.

- Dostunuz Maşallah Əhmədov AFFA rəhbərliyini veteran futbolçulara laqeyd münasibətdə günahlandırır, heyəti təkcə baş məşqçi Berti Foqtsun müəyyənləşdirmədiyini, onun seçiminə müdaxilə olunduğunu iddia edir...
- Mən onun əvəzinə danışa bilmərəm. Neçə illərdir İsveçdə yaşayıram və istər-istəməz burada baş verənləri dəqiq bilmirəm.

- Bəs sizin vaxtınızda heyəti müəyyənləşdirməklə bağlı işinizə müdaxilə olubmu? Deyilənə görə, Türkiyə və Slovakiya ilə oyunlar öncəsi Cahangir Həsənzadə ilə Vadim Vasilyevi milli komandaya gətirilməsi AFFA-nın Məşqçilər Şurasının təşəbbüsü ilə olub...
- Bunlar doğru deyil. Boş-boş şeylər danışırlar. Heyəti müəyyənləşdirməklə bağlı heç kimə qulaq asmırdım. Komandanı hazırlamaq, heyəti qurmaq baş məşqçinin üzərinə düşür. O, bütün bunlara görə məsuliyyət daşıyır. Yığmanın işinə Məşqçilər Şurasının müdaxiləsini düzgün saymıram.

- Salyanın NBC klubunda çalışmaq perspektiviniz nə dərəcədə ciddidir?
- Klub rəhbərliyi ilə hələ ki görüşməmişəm və mənə rəsmi təklif olunmayıb. Ancaq yaxın günlərdə belə bir görüşün olacağı gözlənilir.

- NBC sizi məsləhətçi görmək istəyir...
- Rəsmi təklif olandan sonra danışmaq daha düzgün olardı. Hələlik bunlar ciddi söhbət deyil.

- Başqa təkliflər varmı?
- Rusiyadan olsa da, bunlar da hələlik ciddi deyil. Konkret hansı klubdan təklif aldığımı demək istəmirəm. Azərbaycan futbolunun inkişafına öz töhfəmi vermək fikrindəyəm. NBC birinci divizionda çıxış etməli olsa da, mövsümə az qalmış Premyer Liqada oynayacağı bəlli olub. Belə olan halda, mövsümə yaxşı hazırlaşmaq, uğurla çıxış etmək çətindir. Hər halda, komanda yığıb, güclülər dəstəsində qalmağa çalışırlar. Bu zaman ən yaxın izləyiciləri ilə xal fərqini artırıb, 10-cu yerdə möhkəmlənmək, bununla da birinci diviziona düşməməklə bağlı rahatlaşmaq əsas məsələdir. Ancaq hazırda 11-ci yerdə gedən NBC-dən gələn mövsüm iddialı komanda düzəltmək olar.

- NBC-nin baş məşqçisi Vladislav Qədirovla dost olsanız da, bildiyimizə görə, “Qarabağ”da birgə işlədiyiniz müddətdə aranızda problem olub...
- Dostlar arasında belə şeylər olur...

- Qədirov sizin NBC-yə gəlişinizə ciddi etiraz etməz. Ancaq siz dostunuzun postunu tutmağı qəbul edərsiniz?
- Bunlar xırda məsələlərdir.

- Bakıda nə qədər qalmağı düşünürsünüz?
- Bazar gününə qədər buradayam. Həftəsonu İsveçə dönəcəyəm.





0