BATE Azərbaycan çempionuna rəqib olmaq istəmir
12.11.2008 - 12:14
BATE Azərbaycan çempionuna rəqib olmaq istəmir
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Daha bir komanda gələn ilin yanvarında Moskvada keçiriləcək “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirinə qatılmaq istəmir. “APA-Sport”un məlumatına görə, Rusiya və Ukraynanın son illər qoyduğu ənənəni bu dəfə Belarus çempionu BATE də davam etdirəcək. Çempionlar Liqasının qrup mərhələsində çıxış edən belaruslular daha aşağı səviyyəli turnirdə mübarizə aparmağın əleyhinədir. Klubun prezidenti Anatoli Kapskinin sözlərinə görə, yarışda Belarusu digər komanda təmsil edə bilər: “Birlik kubokunda iştirakımızla bağlı son sözü məşqçilər korpusu verəcək. Bu ilin yanvarında Sankt-Peterburqda keçirilən kubokda başlayan mövsümü dekabrın 10-da tamamlayırıq. Yanvarın 17-də isə növbəti turnir başlayacaq. Əgər həmin turnirə əsas heyət oyunçularını aparsaq, mövsümün yorğunluğunu tam çıxarmayan futbolçularımızın zədə almaq ehtimalı böyük olacaq. Əvəzediciləri aparmaq isə imkanlarımız xaricindədir. Yəni, bizim gənclər Rusiya klublarının ehtiyat qüvvəsi səviyyəsində deyil ki, belə turnirdə ölkəmizi təmsil etsin. Yəqin ki, bütün bunları nəzərə aldığımızdan yarışa Belarus çempionatındakı rəqiblərimizdən birinin Moskvaya getməsinə imkan yaradacağıq”.


0