“Sekslə məşğul olduqdan sonra çıxdığım görüşlərdə daha yaxşı oynayıram”
13.11.2008 - 13:24
“Sekslə məşğul olduqdan sonra çıxdığım görüşlərdə daha yaxşı oynayıram”
Bakı. Kənan Həsənov - APA-Sport. Noyabrın 19-da İtaliyanın “Sampdoriya” klubunun hücumçusu Antonio Kassanonun müəllifi olduğu kitab satışa çıxarılacaq. “APA-Sport”un məlumatına görə, milli komandanın sabiq üzvü “Dico tutto” (“Hər şeyi söyləyirəm”) adlanan kitabda şəxsi həyatını qələmə alıb.

İtaliyanın cənubunda yerləşən Bari şəhərində anadan olan Kassano karyerasına eyniadlı klubda başladığını və “İnter”lə oyunun həyatını kökündən dəyişdirdiyini bildirib: “Güclü rəqiblə görüşdə qol vurmasaydım, indi bəlkə də həbsxanada idim. Çünki tanıdığım bir çox insan mafiyaya qoşuldu. Bir sözlə, bu matç məni qorxunc həyatdan qurtardı”.

Kassano çalışmaqla arasının olmadığını bildirib. 26 il mənasız ömür sürdüyünü qeyd edən futbolçu məşqçilərlə yola getmədiyini də vurğulayıb: “Nə isə etmək üçün istedadım yoxdur. 17 il bədbəxt, 9 il isə milyoner həyatı yaşadım. Gənclərdən ibarət yığmanın sabiq baş məşqçisi Centilledən nifrət edirəm. Spalletti və Kapelloya da, onları insan yerinə qoymadığımı söyləmişəm”.

Müəllif orta məktəbdə oxuyarkən 6 dəfə sinifdə qaldığını da etiraf edib. Kassanonun qadınlarla münasibətləri haqda yazdıqları isə daha çox diqqət çəkir: “İndiyədək 600-700 qadınla cinsi əlaqədə olmuşam. Mən sekslə məşğul olduqdan sonra oyunlarda daha yaxşı çıxış edirəm”.


0