“Azərbaycanda elə məşqçilər var ki, bildikləri nəzəriyyəni meydanda tətbiq etməyi bacarmırlar”
19.12.2008 - 19:53
“Azərbaycanda elə məşqçilər var ki, bildikləri nəzəriyyəni meydanda tətbiq etməyi bacarmırlar”
15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi, AFFA tərəfindən məşqçilər üçün təşkil edilən UEFA-nın C və B kateqoriyalı kurslarının rəhbəri Oliver Pelzer müsahibəsi

- Məşqçilər üçün AFFA tərəfindən təşkil olunan seminarın gedişi barədə məlumat verməyinizi istərdik…
- Kurslar dekabrın 10-dan etibarən başlayıb. İlkin mərhələyə ayın 14-də yekun vurulub. Birgünlük fasilədən sonra ikinci mərhələyə başladıq. Bu gün B kateqoriyalı seminarın ikinci mərhələsi başa çatdı. Ümumi götürdükdə, seminarın gedişindən razı qaldım. İlk dəfədir ki, Azərbaycanda UEFA-nın C və B kateqoriyalı kursları mənim rəhbərliyim altında keçirilir. Qeydiyyatdan keçən namizədlərin hamısı seminarda iştirak edirdi. Nəzəri dərsləri «Neapol» otelində, praktiki məşğələləri isə Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda keçirirdik.

- Məşqçilərə əsasən hansı mövzularda mühazirələr oxundu?
- Seminar çərçivəsində uşaq futbolu ilə bağlı söhbətlərimiz daha çox oldu. Yəni müxtəlif mövzular ətrafında söhbətlər etdik. Həmin mövzulardan bir neçəsini qeyd edə bilərəm. Məsələn, məşqçi komandaya necə rəhbərlik etməli, məşq prosesini hansı şəkildə qurmalıdır və s. Bundan başqa, hər yaş qrupu üzrə məşqlərin hansı meyarlar əsasında qurulmalı olduğu barəsində danışdıq. Yəni sürətlilik, dözümlülük, texniki, taktiki məşqlərin necə keçirilməsi barədə söhbətlər aparmışıq. Ümumiləşdirilmiş şəkildə bunları qeyd edə bilərəm.

- Yəqin əvvəlki seminarların necə keçirilməsi ilə maraqlanmısınız. Müqayisə etsək, bu dəfə hansı yeniliklərin olduğunu qeyd edə bilərsiniz?
- Artıq 8 ildir ki, məşqçilərin maarifləndirilməsi və təkmilləşdirilməsi mövzusunda seminarlara rəhbərlik edirəm. Yəni bu sahədə kifayət qədər təcrübəm var. Ona görə də özümdən əvvəlki seminar rəhbərlərinin işinə qiymət vermək istəməzdim. Çünki hər bir mütəxəssisin işə fərdi yanaşma tərzi var. İstər C, istərsə də B kateqoriyalı kurslarda əsas məqsədim məşqçilərin Avropa tələblərinə cavab verə biləcək şəkildə hazırlanmasından ibarət idi. Biz bu işimizin nəticəsini bir neçə ildən sonra görəcəyik. Yəni müəyyən müddətdən sonra seminarın müsbət nəticələri həmin məşqçilərin işində özünü büruzə verəcək. Məncə, hazırkı kurslarda tələblər daha çox və ağır idi. Məşqçilərin səviyyəsinin artırılması Azərbaycan futbolunda da müəyyən irəliləyişlərlə müşahidə olunacaq.

- Seminara qatılan məşqçilərin əksəriyyəti uşaq futbol komandalarında çalışır. Siz həm də U-15-in baş məşqçisi olduğunuzdan, futbolumuzdakı çatışmazlıqlar haqqında məlumatınız var. Həmin problemlərin yoluna qoyulması üçün məşqçilərə nə kimi tövsiyələr verdiniz?
- Yalnız bugünkü seminarda deyil, digər görüşlərimizdə məşqçilərin bütün diqqətlərini uşaqların düzgün şəkildə yetişdirilməsinə yönəltməli olduqlarını vurğulamışam. Bu işdə klublar da onlara dəstək olmalıdır. Yəni bu gün onlar yalnız iştirak etdikləri çempionatda nəticə qazanmaq üçün çalışmamalıdırlar. Həmin məşqçilər uşaqların gələcəyini fikirləşməlidirlər. Bir sözlə, uşaq futbolunda bu gün nəticə xüsusi rol oynamamlıdır.

- Ancaq bəzi klub rəhbərləri daim məşqçilərdən yüksək nəticə tələb edirlər. Bu baxımdan onların sizin təklifə münasibəti necə oldu? Ümumiyyətlə, seminarın gedişində məşqçiləri daha çox hansı suallar narahat edirdi?
- Məşqçilərin işə məsuliyyətlə yanaşması məni məmnun etdi. Onların əsas sualları yuxarıda qeyd etdiyimiz mövzularla bağlı olurdu. Yəni uşaq futbolu barəsində xırda detallara qədər onlara məlumat verdik. Bəzən hansısa mövzu ətrafında diskussiya aparırdıq. Ancaq hamımız bir məsələdə ortaq məxrəcə gəldik: uşaq futbolunda nəticəyə deyil, futbolçuların düzgün yetişdirilməsinə fikir verilməlidir.

- Praktiki məşğələləri necə təşkil edirdiniz?
- Məşqçilər bilavasitə işin içərisində olurdular. Yəni praktiki məşğələlərdə müxtəlif mövzuları əyani göstərməyə çalışdıq. Tutaq ki, «divar ötürməsi» taktiki gedişini hansısa məşqçi izah edirdisə, o, digər həmkarlarının xidmətindən oyunçu kimi istifadə edirdi. Bu metodun maraqlı tərəfi tez-tez hərəkəti saxlayaraq fikir mübadiləsinin aparılması oldu. Əsas odur ki, məşqçilər məşqçilik etməyi görür və göstərirdilər. Onlar nəzəri dərslərdə eşitdiklərini praktiki məşğələlərdə əyani şəkildə nümayiş etdirirdilər. Məşqçilər komanda ilə meydana çıxarkən, hansı işləri görəcəklərini bilməlidirlər. Bəzən elə çalışdırıcılar olur ki, nəzəriyyəni əla bilirlər, amma onu meydanda tətbiq etməyi bacarmırlar.

- Məşqçilərin bilik səviyyəsi sizi qane etdimi?
- Bayaq qeyd etdiyim kimi, onlar işlərinə məsuliyyətlə yanaşırlar. Ancaq istər təcrübə, istərsə də, nəzəri və taktiki bilik baxımından hər bir məşqçinin öz yeri var.

- Seminarın üçüncü mərhələsi yanvarda başlayacaq. Həmin vaxta qədər məşqçilərə hansısa tapşırıqlar verəcəksinizmi?
- Kursların üçüncü həftəsində onlar imtahan verəcəklər. Bu gün biz seminar çərçivəsində keçdiyimiz mövzular ətrafında bir daha diskussiya apardıq. İndi onlar qarşıdakı günlərdə bunları bir daha analiz etməlidirlər. Bir sözlə, məşqçi işinin nədən ibarət olduğunu bilməlidir. O, hər bir məşqin məğzini özü üçün aydınlaşdırmalı, ilkin tibbi yardımın necə göstərilməli olduğunu bilməlidir. Yəni onlar yanvarda imtahana gələndə, cavabları ilə bizi razı salmalıdırlar.

- Toplanış zamanı məşqçilər tərəfindən hansısa maraqlı təklif səsləndirildimi?
- Sözsüz ki, məşqçilər tərəfindən kifayət qədər suallar verildi. Ancaq mən konkret hansınısa fərqləndirə bilmərəm. Seminarda suallar mütləq lazımdır. Çünki həmin suallardan sonra diskussiya yaranır ki, burada da hər məşqçi öz fikrini səsləndirir. Yəni tək mən danışsam, bu, monoloq olar və dərslər də maraqsız alınar. Lakin suallar olanda istər-istəməz maraq artır. Xoşbəxtlikdən mənə ünvanlanan sualların hamısını cavablandırmağı bacardım.

- Təxminən iki həftə davam edən toplanışdan razı qaldınızmı?
- Həm iştirakçıların fəallığını, həm də təşkilati işləri nəzərə alaraq, seminardan razı qaldığımı deyə bilərəm. Yalnız hava şəraiti bizə mane oldu. Əslində, ilin bu fəslində havaların yağmurlu və soyuq olması qaçılmazdır.

- Növbəti seminarlara da siz rəhbərlik edəcəksiniz?
- Gələcəkdə A kateqoriyalı kurslar təşkil etməyə çalışacağıq. Müvafiq tələblərə cavab vermək üçün işləri yüksək səviyyədə qurmalıyıq. Kursların hansı tarixdə keçirilməsiylə bağlı heç nə deyə bilmərəm. Bunun üçün AFFA rəhbərliyi ilə danışmalıyıq. Ancaq məlum olan odur ki, bu kursda iştirak edən və B kateqoriyası almaq istəyən məşqçilər yanvarın 12-dən 16-dək imtahan verəcəklər.

affa.az
0