Elvin Əliyev komandasını təriflədi
24.12.2008 - 12:20
Elvin Əliyev komandasını təriflədi
“Azərbaycanda “Bakı”dan güclü komanda yoxdur. Mənim üçün çempionatın bir favoriti var ki, o da bizik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun futbolçusu Elvin Əliyev deyib. Komandasının rəsmi internet saytına müsahibə verən 24 yaşlı müdafiəçi çıxış etdiyi klubun nəticələrindən razı deyil: “İkinci pillədə qərarlaşmağımıza baxmayaraq, komandamızın oyunundan razı deyiləm. Bacardığımızı tam göstərə bilmədik. Baş məşqçimiz Qyoko Hacıyevskinin tapşırıqlarını tam yerinə yetirə bilsəydik, bu gün turnir cədvəlinin lideri olardıq”.

Əliyev “Bakı”nın potensialına görə ölkədə ən güclü olduğunu düşünür: “Komandamız heyətinə görə ölkədə birincidir. Bununla belə, hücum xəttində bir qədər axsayırıq. Biz öz oyunumuzu oynasaq, Azərbaycanda bizi saxlaya bilən komanda olmaz. Komandamızda top qovan futbolçulara tam bələd olmağım bu sözləri söyləməyimə əsas verir. Mən Azərbaycanda “Bakı”dan güclü klub görmürəm”.

Yarım ildir milli komandadan kənar qalan Elvin yenidən Foqtsun rəhbərliyi altında oynamaq arzusundadır: “Millidə oynamaq bir futbolçunun arzusudur. Mən günahı Foqtsun üstünə atmayacağam. O, dünya səviyyəli məşqçidir. Almaniyalının millimizə xeyir verəcəyini düşünürəm. Bu xeyir bəlkə də, bir neçə ildən sonra hiss olunacaq. Foqtsun risk edərək gənc futbolçuları ilk “11-lik”də meydana buraxması alqışlanmalıdır. Lakin mən bu gün millidə olmamağımla da razılaşmıram. Çünki bu gün karyeramın ən yaxşı vaxtlarını yaşayıram. Həm də komandamın heyətində hər oyun meydana çıxmışam. İkinci dövrədə daha da yaxşı çıxış edərək millinin millinin məşqçilər korpusunun diqqətini cəlb edəcəyəm”.
0